“Qarşılıqlı hüquqi yardım birtərəfli olmamalıdır” - Zahid Orucdan Avropaya SƏRT MESAJ

 13:05 30.09.2026     213

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Konvensiyanın İkinci Əlavə Protokolunun müzakirəsi zamanı bir sıra məsələlərə diqqət çəkib.

Redaktor.az xəbər verir ki, Zahid Oruc parlamentin bugünkü iclasında çıxışı zamanı Avropada qarşılıqlı hüquqi yardım sistemindən üzv dövlətlərin bərabər istifadə imkanlarının təmin edilməsinin vacibliyini vurğulayıb.

O bildirib ki, Azərbaycanın hüquq-mühafizə orqanlarının sənədi ratifikasiya edən dövlətlərə göndərdiyi müraciətlərin neçə faizinin icra olunduğu, neçə sorğunun cavabsız qaldığı və yardım göstərilməsindən imtinaların hüquqi əsaslarının nədən ibarət olduğu araşdırılmalıdır:

“Əgər bir dövlət digər tərəfin sorğularını sistemli şəkildə icra etmir, cavabları gecikdirir və ya siyasi mülahizələrlə hüquqi əməkdaşlıqdan yayınırsa, Konvensiyanın “qarşılıqlı yardım” prinsipi formal xarakter alır”.

Komitə sədri bildirib ki, Azərbaycana qarşı mübarizəni informasiya müstəvisinə keçirən qüvvələrin fəaliyyəti də diqqətdə saxlanılmalıdır.

O qeyd edib ki, Prezident İlham Əliyev çıxışlarında dezinformasiyanın, saxta xəbərlərin, hibrid təhdidlərin və “deepfake” əsaslı hücumların artdığını dəfələrlə vurğulayıb.

Zahid Oruc Prezidentin Türk Dövlətləri Təşkilatının təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşündə xarici hücumların ideoloji xarakter daşıdığını, onların dövlət quruluşunu sarsıtmağa, ictimai həmrəyliyi pozmağa, yad narrativ və dəyərləri aşılamağa yönəldiyini bildirdiyini xatırladıb.

“Dövlət başçısı təhlükəsizlik orqanlarının qarşısında konkret vəzifə qoydu: zəif yerlərimizi, bizə zərər vurmağa çalışan yad ünsürlərin hansı “pəncərələrdən” nüfuz edə biləcəyini müəyyənləşdirmək lazımdır”, – deyə o əlavə edib.

Milli Məclisin komitə sədri bildirib ki, 2024-cü ildə də parlamentdə xaricdən zorakılığa, terrora və konstitusiya quruluşuna qarşı cinayət xarakterli çağırışların hüquqi baxımdan cavabsız qalmamalı olduğunu deyiblər.

O, xaricdə fəaliyyət göstərən bəzi şəxslərin Azərbaycan əleyhinə fəaliyyətini də tənqid edib.

“Dövlət himayəli casus qüvvələr, milli və sosial simasını itirmiş şəxslər haqlı mövqeyimizi fiziki zorakılığa çağırış kimi qiymətləndirib aylarla beynəlxalq təşkilatlara şikayət etdilər. Halbuki özləri hər gün dövlət adamlarına və Qələbəmizə qarşı linç kampaniyası aparırlar”, – Zahid Oruc deyib.

Komitə sədri iki gün əvvəl Strasburqda mühacir şəbəkəsinin 1-ci Konqresinin keçirildiyini də qeyd edib və xarici mərkəzlərin Azərbaycanı ləkələməyə yönəlmiş fəaliyyətlərini intensivləşdirəcəyini bildirib.

Zahid Oruc Azərbaycan Baş Prokurorluğunun konkret şəxslərin əməlləri ilə bağlı apardığı istintaq və çıxarılmış qiyabi məhkəmə qərarlarından da danışıb.

O bildirib ki, Fransada bəzi siyasi şəxslərin himayəsi və idarəçiliyi ilə fəaliyyət göstərdiyini iddia etdiyi Məhəmməd Mirzəli barəsində Cinayət Məcəlləsinin 220.2 və 281.1-ci maddələri üzrə hökm çıxarılıb və o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Komitə sədri Tural Sadıqlı və cinayət işi üzrə digər şəxslərə qarşı isə Cinayət Məcəlləsinin 178.3.1, 214-2, 220.2, 281.2 və 320.1-ci maddələri üzrə ittihamlar irəli sürüldüyünü bildirib.

O qeyd edib ki, həmin şəxslər Avropada qaçqın və mühacir statusu altında fəaliyyətlərini davam etdirirlər.

“Biz Fransa, Almaniya və digər dövlətlərdən qanundan kənar addım tələb etmirik. Əksinə, onların qoşulduqları hüquqi mexanizmlərin işləməsini gözləyirik. Avropa hüquq sistemində 1959-cu il Konvensiyasının əsas tələbi tərəflərin cinayət işləri üzrə bir-birinə mümkün qədər geniş yardım göstərməsidir”, – deyə Zahid Oruc vurğulayıb.

Komitə sədri Azərbaycanın bir neçə gün əvvəl fransız vətəndaşını əfv edərək azadlığa buraxmasını da xatırladıb və bunun beynəlxalq hüquqi prinsiplərə ehtiramın nümayişi olduğunu bildirib.

O qeyd edib ki, Fransa Xarici İşlər Nazirliyi sentyabrın 23-də Prezident İlham Əliyevin bu addımını “humanitar jest” adlandırıb və Azərbaycan tərəfinə təşəkkür edib.

“Lakin hüquqi əməkdaşlıq birtərəfli ola bilməz”, – Zahid Oruc deyib.

O bildirib ki, bir ölkənin ərazisinin digərinə qarşı zorakılıq, terror, kütləvi iğtişaş törətmək və ya konkret şəxslərə qarşı cinayətə çağırışlar üçün istifadə olunması “ifadə azadlığı” kimi qiymətləndirilməməlidir.

Zahid Oruc bu məsələlərlə bağlı xüsusi hesabat hazırlanmasını təklif edib.

“Ona görə də ölkəmizdə Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi və aidiyyəti təhlükəsizlik və media qurumlarının iştirakı ilə Azərbaycan Respublikasına qarşı xaricdən həyata keçirilən cinayət xarakterli rəqəmsal və hibrid fəaliyyətlər, beynəlxalq hüquqi yardım və ekstradisiya mexanizmlərinin nəticələri haqqında xüsusi hesabatın hazırlanmasına ehtiyac var”, – deyə o bildirib.

Onun sözlərinə görə, hesabatda son beş ildə ölkələr üzrə göndərilmiş hüquqi yardım sorğularının sayı, onların neçə faizinin icra edildiyi, neçə sorğunun cavabsız qaldığı, imtinanın hüquqi səbəbləri, elektron sübutların və platforma məlumatlarının təqdim edilməsi vəziyyəti, axtarışda olan şəxslərlə bağlı görülmüş tədbirlər ayrıca göstərilə bilər.

Komitə sədri Avropa Şurası qarşısında da qarşılıqlı hüquqi yardım Konvensiyasının tətbiqinə dair ölkələr üzrə real göstəricilərin daha şəffaf olması məsələsinin qaldırılmasını təklif edib.

“Qarşılıqlı hüquqi yardım birtərəfli olmamalıdır. Azərbaycan prokurorluq orqanlarını mühüm beynəlxalq hüquqi alətlərdən daha fəal istifadə etməyə çağırırıq”, – deyə Zahid Oruc əlavə edib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən