Milli Məclis bəyanat qəbul ETDİ
Azərbaycan Respublikasının Milli Məclisi 27 sentyabr – Anım Günü ilə əlaqədar bəyanat qəbul edib.
Redaktor.az xəbər verir ki, bəyanatda 27 sentyabrın xalqın tarixi yaddaşında xüsusi yer tutduğu, sarsılmaz milli birliyin rəmzi kimi böyük mənəvi və ictimai-siyasi əhəmiyyət daşıdığı bildirilib.
Qeyd olunub ki, 27 sentyabr Azərbaycanın əzəli torpaqlarının işğalına son qoyulmasına, tarixi ədalətin bərpasına və dövlətin suveren hüquqlarının bütün ərazidə bərqərar edilməsinə gətirib çıxaran üç illik Zəfər yürüşünün başlanğıcı olub.
Bəyanatda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 27 sentyabrın Anım Günü elan edilməsinin dövlətin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərə dövlətin və xalqın dərin ehtiramının ifadəsi olduğu vurğulanıb.
Sənəddə 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsinin Azərbaycanın tarixində dönüş mərhələsi təşkil etdiyi bildirilib. Qeyd edilib ki, Azərbaycan Silahlı Qüvvələrinin Zəfəri Ermənistanın işğalı altında olan torpaqların böyük hissəsinin azad edilməsinə və regionda əvvəlki onilliklər ərzində yaranmış hərbi-siyasi reallığın dəyişməsinə gətirib çıxarıb.
Bəyanatda Azərbaycanın BMT Təhlükəsizlik Şurasının işğal edilmiş torpaqların azad olunmasını tələb edən dörd qətnaməsinin və digər beynəlxalq təşkilatların müvafiq sənədlərinin icrasını öz gücü ilə təmin etdiyi bildirilib.
Milli Məclisin bəyanatında qeyd olunub ki, tarixi qələbə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttə uyğun olaraq dövlətin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi, müdafiə potensialının artırılması, müasir peşəkar ordunun yaradılması, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində uzun illər aparılan məqsədyönlü işin nəticəsi olub.
Bəyanatda 44 günlük Vətən müharibəsində qələbənin mühüm amillərindən birinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasi və hərbi rəhbərliyi olduğu bildirilib.
“Döyüş əməliyyatlarının getdiyi şəraitdə dövlət idarəçiliyinin, ordunun və cəmiyyətin birliyi, operativ qərarlar qəbul etmək və ölkənin ehtiyatlarını qarşıya qoyulmuş məqsədin əldə edilməsinə yönəltmək qabiliyyəti mühüm rol oynamışdır”, – bəyanatda qeyd olunub.
Sənəddə hərbi qələbənin Azərbaycan əsgər və zabitlərinin mərdliyi və qəhrəmanlığı sayəsində əldə edildiyi vurğulanıb. Bildirilib ki, azad olunan hər bir şəhər və kənd, hər bir yüksəklik onların şücaətlərinə şahid olub.
Bəyanatda 2020-ci ildə hərbi əməliyyatlar zamanı Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını və prinsiplərini, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarını pozaraq mülki əhaliyə qarşı cinayətlər törətdiyi qeyd olunub.
Sənəddə bildirilib ki, cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlara ballistik raketlər, habelə ağ fosforlu və kaset tipli mərmilərlə hücumlar nəticəsində 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq həlak olub, 450-dən çox insan yaralanıb.
Milli Məclisin bəyanatında Azərbaycanın Silahlı Qüvvələrinin beynəlxalq humanitar hüquq normalarına əməl etdiyi və yalnız qarşı tərəfin silahlı qüvvələri ilə hərbi obyektlərini hədəf aldığı bildirilib.
Bəyanatda 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən bir günlük antiterror əməliyyatına da toxunulub. Qeyd edilib ki, əməliyyat nəticəsində Ermənistan tərəfindən yaradılmış separatçı rejimin fəaliyyətinə son qoyulub və Azərbaycanın suverenliyi bütün ərazisində bərpa edilib.
Sənəddə bu uğurun 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin məntiqi davamı və yekunu olduğu vurğulanıb.
Bəyanatda 27 sentyabr – Anım Günü, 8 noyabr – Zəfər Günü və 20 sentyabr – Dövlət Suverenliyi Gününün Azərbaycan xalqının ictimai şüurunda mahiyyətcə vəhdət təşkil etdiyi bildirilib.
Qeyd olunub ki, Anım Günü azadlığın hansı qurbanlar hesabına əldə edildiyini xatırladır, Zəfər Günü ədalətin təntənəsini təcəssüm etdirir, Dövlət Suverenliyi Günü isə Azərbaycan dövlətinin hüquqlarının bütün ərazidə bərqərar olduğunu ifadə edir.
Milli Məclis bəyanatında şəhid ailələri və qazilərin sosial müdafiəsi, tibbi reabilitasiyası, mənzil təminatı və məşğulluğu məsələlərinin dövlətin daim diqqət mərkəzində saxlanıldığı qeyd olunub.
Bəyanatda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində aparılan işlərə də diqqət çəkilib. Bildirilib ki, memorial komplekslər, abidələr və muzeylər yaradılır, küçələrə, məktəblərə və digər ictimai obyektlərə qəhrəmanların adları verilir.
Milli Məclis Vətən naminə canını fəda etmiş şəhidlərin əziz xatirəsinə dərin ehtiramını bildirib, döyüş meydanlarında həyatını təhlükəyə ataraq qələbəyə töhfə vermiş əsgər və zabitlərə minnətdarlığını ifadə edib.
“Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi doğma torpağa məhəbbətin və fədakarlığın ən yüksək təzahürü kimi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır. Onların hünərləri heç zaman unudulmayacaq, adları isə dövlətçilik tariximizdə əbədi qalacaqdır”, – bəyanatda bildirilib.
Bəyanat bu fikirlərlə yekunlaşıb:
“Azad, güclü, vahid və suveren Azərbaycan şəhidlərimizə ən böyük abidədir”.
Qeyd edək ki, bəyanat Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2026-cı il tarixli iclasında qəbul edilib.
NURİYYƏ













