Pezeşkian Azərbaycanla münasibətləri genişləndirmək istəyir – Bəs qarşısını kim alır?
Məlumat verdiyimiz kimi, İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə görüşündə Azərbaycanın İranın qonşuluq siyasətində xüsusi yer tutduğunu bildirib. O, iki ölkə arasında siyasi, iqtisadi, elmi, mədəni və təhlükəsizlik sahələrində əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Pezeşkianın fikirləri barədə Redaktor.az-a danışan Milli Məclisin deputatı Sahib Alıyevin sözlərinə görə, birinci dəfə deyil ki, İran Prezidenti belə çağırışlar edir.
Millət vəkili düşünür ki, İran lideri Məsud Pezeşkian öz çağırışlarında səmimidir:

"Amma eyni zamanda cənab Pezeşkian da, biz də bilirik ki, Azərbaycanla ölkəsi arasında əlaqələrin onun arzuladığı səviyyədə olmamasına nələr və kimlər maneçilik törədir. Bəli, bildiyiniz kimi, İran ağır sanksiya altındadır və bu, təbii ki, əksər dövlətlərlə olduğu kimi, Azərbaycanla da əlaqələrin dərinləşməsinə və genişlənməsinə müəyyən maneçiliklər törədir. Amma ən böyük maneçilik İranın öz içərisindən, içərisindəki bəlli güclərdən gəlir. Söhbət o güclərdən gedir ki, onlar öncə Mehdi Sübhanini, ardınca da Xəlil Şirğolamini Ermənistana səfir göndəriblər. İran prezidenti Şirğolaminin Ermənistandakı bəyanatlarına diqqət yetirsə, onda da görəcək ki, bu əlaqələrin onun arzuladığı səviyyədə olmamasına maneçilikləri kimlər törədirlər və necə törədirlər. Amma bütün hallarda Azərbaycan qonşu İranla, təbii ki, əlaqələrin hərtərəfli inkişafında maraqlıdır. Ən azı ona görə ki, orada bizim milyonlarla soydaşımız yaşayır və biz bu fikirdəyik ki, bu əlaqələrin genişlənməsindən onlar da faydalanacaqlar".
Aytəkin TOFİQQIZI













