AQEM Media Forumunun açılış mərasimi keçirildi - FOTO

 15:31 01.10.2026     109

1 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrliyi çərçivəsində “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda AQEM Media Forumunun açılış mərasimi keçirilib.

Redaktor.az xəbər verir ki, Forum AQEM-in fəaliyyətində media sahəsinə həsr olunmuş ilk belə tədbir olmaqla, üzv dövlətlər arasında media və kommunikasiya sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi, qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsi baxımından mühüm platforma kimi nəzərdə tutulub.

Açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirib.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi, səfir Kayrat Sarıbay çıxışında media vasitəsilə etimadın qurulmasının ölkələr və cəmiyyətlər arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi baxımından əhəmiyyətinə diqqət çəkib. Bildirilib ki, müasir kommunikasiya imkanlarının genişlənməsi informasiya mübadiləsini daha əlçatan etməklə yanaşı, media subyektlərinin məsuliyyətini də artırır və bu şəraitdə peşəkar jurnalistika, dialoq və etimad əsaslı kommunikasiya xüsusi aktuallıq kəsb edir.

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov isə qeyd edib ki, Azərbaycan Respublikası AQEM-ə sədrliyi çərçivəsində Müşavirənin institusional inkişafı, beynəlxalq təşkilata transformasiyası və sahəvi əməkdaşlığın genişləndirilməsi istiqamətlərində, habelə AQEM məkanında etimadın artırılmasına və əməkdaşlığın möhkəmləndirilməsinə yüksək töhfə vermişdir. O bildirib ki, hazırkı dövrdə dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, münaqişələrin beynəlxalq hüquq əsasında sülh yolu ilə nizamlanmasına və dünyanın müxtəlif regionlarında davam edən qanlı müharibələrə son qoyulmasına yönəlmiş qarşılıqlı birgə fəaliyyət fövqəlbəşər əhəmiyyətli məqsədlərə xidmət edir. Dünya nizamının və beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına yönəlmiş ekzistensional təhlükə və təhdidlərin, eləcə də təcavüzkar çağırışların qarşısının alınması ilə bağlı təxirəsalınmaz səylərin və tədbirlərin görülməsi üçün Birləşmiş Millətlər Təşkilatının mərkəzi roluna əsaslanan birgə addımların atılmasınının mühümlüyü vurğulanıb, bu baxımdan, beynəlxalq hüququn ədalətli dünya nizamının qurulması və inkişafı üçün yeganə etibarlı təminat olaraq qaldığı qeyd edilib.

22222222
Vumart və Güvən reklamı Vumart Güvən