“Heç kimə ümid bəsləməməliyik” - Deputatdan prezidentin çıxışına REAKSİYA

 16:41 02.10.2026     319

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxış edib. Dövlət başçısı çıxışı zamanı müxtəlif fikirlər səsləndirib. Eyni zamanda İlham Əliyev söyləyib ki, bizə heç kimin köməyi də, himayadarlığı da lazım deyil.

YAP-çı deputat Tahir Rzayev Redaktor.az-a açıqlamasında qeyd etdi ki, İlham Əliyevin YAP-ın qurultayındakı çıxışı həm partiyanın keçdiyi yola qiymət vermək, uğurları dəyərləndirmək, həm də gələcək vəzifələri müəyyən etmək baxımından çox əhəmiyyətlidir:

"Cənab prezident öz çıxışında bildirdi ki, yeridilən daxili və xarici siyasət xətti bu gün özünün aydın nəticələrini göstərir. Bu, uğurlarımızda, nailiyyətlərimizdə, beynəlxalq aləmdə qazandığımız nüfuzda bir daha özünün aydın ifadəsini tapır.

Partiyamızın sədri qeyd etdi ki, biz düşmən üzərində tarixi qələbəni birliyimizlə, səfərbər olunmağımızla, xalqın iradəsinə arxalanmaqla əldə etdik. Bizə heç kimin köməyi lazım deyil. Biz heç kimin fikri ilə oturub-durmuruq və himayədarlıq da bizim üçün lazımlı deyil. Çünki biz iqtisadiyyatımızın inkişafı, ordumuzun gücü, xalqımızın birliyi sayəsində məhz tarixi qələbəmizi əldə etmişik. Bu qələbədə heç kim bizə dəstək verməyib. Əksinə, bir çox dövlətlər qələbələrimizə mane olmağa çalışıblar, bizim haqlı tələblərimizi eşitməyiblər, uzun müddət Azərbaycan torpaqları işğal altında qalıb. Ona görə də cənab prezident öz çıxışında ilk növbədə təhlükəsizlik məsələlərinə daha böyük önəm verdi və bildirdi ki, biz daim təhlükəsizliyimizin qeydinə qalmalıyıq. Bu vacib sahə üçün ayrılan dövlət vəsaiti də ildən-ilə artırılır".

Millət vəkilinin sözlərinə görə, müharibədə qələbə çalmağımıza baxmayaraq, bu çox vacibdir, çünki biz arxayınlaşmamalıyıq, heç kimə ümid bəsləməməliyik, güclü olmalıyıq, hər vaxt bizə yönələn o təqiblərə, təsirlərə qarşı mübarizə aparmağa hazır olmalıyıq.

"Prezidentin dediyi kimi, dünyada, ətrafımızda bu gün münaqişələr, müharibələr davam edir və bu gün beynəlxalq təşkilatlar, beynəlxalq hüquq normaları deyildiyi kimi gücsüzdür. Ona görə də ancaq xalqın iradəsinə, dəstəyinə, birliyinə arxalanmaq lazımdır. Ölkə rəhbəri qeyd etdi ki, əlbəttə ki, bu mübarizədə, bu qələbədə, bu uğurlarda Yeni Azərbaycan Partiyası üzvlərinin böyük əməyi var. Onlar ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər, yeni uğurlara imza atırlar. Ölkə rəhbəri iftixarla qeyd etdi, əmin olduğunu bildirdi ki, bundan sonra da Yeni Azərbaycan Partiyasının üzvləri hər bir cəbhədə, mübarizədə hazır olduqlarını, irəlidə getdiklərini nümayiş etdirəcəklər və gələcək uğurlarımıza daha layiqli, daha şərəfli imzalar atacaqlar", - deyə Tahir Rzayev yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən