"Bütün güc mərkəzləri yalnız Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Tural Gəncəliyev
"Cənab Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı çox önəmli fikirlərlə yadda qaldı. Orada xüsusilə cənab prezidentin vurğulaması ki, Azərbaycanın xarici siyasəti həqiqətən çox mükəmməl şəkildə qurulub və bizim xarici siyasətimiz elə dəqiqliklə, elə mükəmməl sistem kimi çalışır ki, Azərbaycanın suveren siyasətini həyata keçirir, suveren siyasət aparır və təbii ki, Azərbaycanın suveren siyasəti ilə biz heç vaxt imkan vermərik ki, kimsə Azərbaycanın daxili işlərinə qarışsın və daxili işlərinə qarışaraq Azərbaycana hansısa problemlər yaratsın".
Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirdi.
"Biz hələ torpaqlarımız işğal altında olan dövrdə, ondan əvvəl hələ müstəqilliyimizi qazanandan sonra qarşılaşdığımız problemlər başlayandan sonra, 1993-cü ildən sonra ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan mükəmməl bir xarici siyasət planlarını həyata keçirməyə başladı. 1993-cü il ümummilli liderin hakimiyyətə gəlməsi, Ermənistanın təcavüzünü dayandırması, sonradan "Əsrin müqaviləsi"nin imzalanması və sonradan cənab prezidentin atasının vəsiyyətinə uyğun olaraq mükəmməl xarici siyasəti davam etdirməsi gətirib ona çıxartdı ki, biz torpaqlarımızı işğaldan azad elədik, Azərbaycan yeni bir reallıq yaratdı, dünya gücləri Azərbaycanla hesablaşmağa başladı və nəhayət ki, biz "orta güc" deyilən böyük bir qlobal siyasətin etiraf elədiyi bir gücə çevrildik", - deyə o vurğuladı.
Müsahibimizin sözlərinə görə, Azərbaycan bu gün öz xarici siyasətindəki mükəmməlliyi elə qurub ki, biz bütün güc mərkəzləri ilə bərabər tərəfdaşlıq çərçivəsində əməkdaşlıq edirik və beləliklə də bütün güclər bizə hörmətlə, rəğbətlə yanaşır:
"Bu, istər Avropa İttifaqı, istər Amerika, istər qonşu ölkələr olsun - Rusiya, İran, Türkiyə, Çin və sair və ilaxır. Təbii ki, Azərbaycanın bu mükəmməl xarici siyasəti tərəfdaşlar və partnyorlar üçün xüsusi rəğbət qazandırır, bizi hamı etibarlı tərəfdaş kimi qəbul edir və bir də ingilis dilində o xüsusi bir beynəlxalq münasibətlər sistemindəki terminlə desək, "predictable", yəni əvvəlcədən bilinən, əvvəlcədən planlaşdırıla bilən siyasət aparırıq. Yəni bizim siyasətimiz aydındır, heç vaxt ikili, riyakar siyasət aparmamışıq, istər regional ölkələr, istər beynəlxalq güclərlə. Ona görə bütün bu həm regional, həm beynəlxalq güclər Azərbaycana hörmət edir. Hətta bir-biri ilə antaqonist mövqedə olan, müharibə aparan güclər belə Azərbaycana hörmətlə yanaşır - hər iki tərəf. Məsələn üçün, Rusiya-Ukrayna müharibəsində həm Rusiyanın, həm Ukraynanın, həm Ukraynanın arxasında duran qüvvələrin - ABŞ, Avropa İttifaqı, NATO olsun və yaxud da ki, İran ətrafında olan vəziyyətdə istər Amerika, İsrail tərəfindən İrana münasibətdə və yaxud da ki, əks münasibətində bütün güc mərkəzləri yalnız Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər. Bu da yenə də bizim ümummilli liderin bünövrəsini qoyduğu xarici siyasət və onun davamçısının, cənab prezidentin apardığı siyasətin nəticəsi olaraq belə mükəmməl bir siyasətimiz formalaşıb".
Aytəkin TOFİQQIZI













