“Heç kəs cəsarət edib bir də Azərbaycanın üstünə gəlməsin” - Qüdrət Həsənquliyev
Bu gün Yeni Azərbaycan Partiyasının qurultayında İlham Əliyev vurğulayıb ki, əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır. Bizim şanlı Zəfər qazandığımızı, bu gün Azərbaycanla Ermənistan arasında münaqişənin olmadığını və digər amilləri sadalayan dövlət başçısı hərbi gücümüzün artırılmasının nə üçün lazım olduğuna aydınlıq gətirərək qeyd edib: “Buna cavab, məncə, çox açıq-aydındır. Bu, həmişə lazımdır, hər bir ölkə üçün. Çünki bizim xalqımız bu faciə ilə üzləşib”.
Prezidentin fikirlərini Redaktor.az-a şərh edən deputat Qüdrət Həsənquliyev bildirdi ki, hər bir dövlətin təhlükəsizliyi onun güclü iqtisadiyyatının, güclü silahlı qüvvələrinin və digər imkanlarının olmasından asılıdır:
"Azərbaycan bu istiqamətdə də fəaliyyət göstərir, çalışır. O baxımdan prezident tam haqlıdır. Bizim güclü silahlı qüvvələrimiz olmalıdır və bunun üçün də, dediyim kimi, güclü iqtisadiyyat lazımdır. Müasir silahlar almaq imkanımız olmalıdır, müasir silahlar istehsal etmək imkanlarımız olmalıdır və yalnız bu halda biz özümüzü daha təhlükəsiz hiss edə bilərik.
Bu, hər bir dövlətin, hər bir xalqın qarşısında duran ən ümdə vəzifələrdən biridir. O baxımdan hesab edirəm ki, son imzalanan müdafiə sənayesi istiqamətindəki müqavilələr də, qardaş Türkiyə ilə bu sahədə əməkdaşlıq, Pakistanla əməkdaşlıq, digər bizə dost və strateji müttəfiq olan ölkələrlə hərbi və təhlükəsizlik sahəsindəki əməkdaşlıqlar yalnız ona yönəlib ki, heç kəs cəsarət edib bir də Azərbaycanın üstünə gəlməsin və Azərbaycan xalqı daha təhlükəsiz və firavan yaşasın".
NURİYYƏ













