“XX əsrdə heç bir lider türk dünyası qarşısında Heydər Əliyev qədər xidmət göstərməyib” - Sahib Alıyev
"Ulu Öndər Heydər Əliyevin ilk dəfə Prezident seçildiyi gün, həm də Türk Dövlətlərinin Əməkdaşlığı Günüdür. Məncə, burada bir rəmzlik var. Çünki XX əsrdə heç bir lider türk dünyası qarşısında Heydər Əliyev qədər xidmət göstərməyib. Sadəcə bir fakt, əgər böyük risklərə gedərək onun reallaşdırdığı neft və qaz strategiyası olmasaydı, Xəzərin karbohidrogen ehtiyatları məhz Türkiyədən keçməklə alternativ yolla dünya bazarına çıxarılmasaydı, türk dünyası indiki kimi görünəcəkdimi?".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev feysbuk hesabında yazıb.
Millət vəkilinin sözlərinə görə, son dövrlərədək heç bir qaz və neft yatağı olmayan Türkiyənin hab funksiyası yerinə yetirməsinin nəticədisir ki, o, dünya çapında önəmli enerji oyunçusu sayılır, diqtə olunandan diqtə edən dövlətə çevrilib.
"Azərbaycanın transmilli şirkətləri Xəzər hövzəsinə dartıb gətirməsi, çəkdiyi alternativ kəmərlər, digər türk dövlətlərinə öz karbohidrogen ehtiyatlarından daha səmərəli istifadə etmək, əvvəlkindən xeyli yüksək qiymətə dünya bazarına çıxarmaq şansı yaratdı. Məhz buna görə çevriliş və sui-qəsd cəhdləri ilə üzləşən Heydər Əliyevin açdığı cığır həmin dövlətlərin müstəqillik potensiallarının artmasına da böyük töhfə verdi.
Yeni Azərbaycan Partiyasının dünənki qurultayında Prezidentimiz vurğuladı ki, çağdaş dövrün reallıqları nəzərə alınmaqla bu gün də Heydər Əliyev siyasəti davam etdirilir. Cənab İlham Əliyevin "bizim ailəmiz türk dünyasıdır, başqa ailəmiz yoxdur" sözləri də elə onun təsdiqi deyilmi?
Türk dövlətlərinin başçıları arasında bu sözü məhz türk dünyası qarşısında böyük xidmətləri olmuş bir nəhəngin davamçısı deyə bilərdi. Özü də nə vaxt, ölkəsi bütün çətinliklərə təkbaşına sinə gərdikdən, yırtıcı güclərin istəməmələrinə rəğmən torpaqlarını işğaldan qurtardıqdan, belini tam dikəltdikdən sonra. Belədə "bizim ailəmiz türk dünyasıdır" deməklə o dünyadan kömək umduğumuz yox, dəstək verməyə hazır olduğumuz vurğulanır və veririk də. Qoy qardaşlığımız sarsılmaz, Azərbaycanımız güclü, yolaçan və dəstəkverən, Ulu Öndərin ruhu isə şad olsun!".
Aytəkin TOFİQQIZI













