“Azərbaycan heç bir güc mərkəzinin siyasətini avtomatik şəkildə təkrarlamır” - Deputat

 11:58 05.10.2026     168

"Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri onun müstəqil xarakter daşıması və ölkənin heç bir geosiyasi düşərgənin tərkib hissəsinə çevrilməməsidir".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirdi.

Onun sözlərinə görə, Azərbaycan öz xarici siyasətini milli maraqları əsasında müəyyənləşdirir:

"Ölkəmiz heç bir güc mərkəzinin və ya geosiyasi blokun siyasətini avtomatik şəkildə təkrarlamır. Eyni zamanda, Azərbaycan müxtəlif qütblərlə münasibətlərini bir-birinə qarşı qoymadan inkişaf etdirir. Bu yanaşma ölkəmizə həm beynəlxalq münasibətlər sistemində strateji manevr imkanları yaradır, həm də milli maraqlarımızın daha effektiv müdafiəsinə şərait formalaşdırır. Müstəqil xarici siyasətin mühüm nəticələrindən biri də belə siyasət yürüdən ölkə ilə beynəlxalq münasibətlərdə hesablaşılması, onun mövqeyinə diqqət yetirilməsi və proseslərə təsir imkanlarının qəbul edilməsidir".

Siyasətçi əlavə etdi ki, Azərbaycanın Çin və ABŞ kimi dünyanın aparıcı güc mərkəzləri ilə strateji tərəfdaşlıq münasibətləri qurması əyani nümunədir:

"Eyni zamanda, Azərbaycanın Rusiya, Ukrayna, Avropa İttifaqı ölkələri və digər dövlətlərlə əlaqələri də öz məzmununa və xarakterinə görə fərqlənir. Azərbaycanın Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq münasibətlərinin olması, Almaniya ilə ikitərəfli tərəfdaşlıq üçün strateji gündəlik razılaşdırması, Çinlə hərtərəfli strateji tərəfdaşlıq, ABŞ ilə strateji tərəfdaşlıq xartiyası çərçivəsində əlaqələrin genişləndirilməsi göstərir ki, ölkəmiz müxtəlif istiqamətlər üzrə xarici siyasətini uğurla şaxələndirib. Burada əsas məsələ ayrı-ayrı tərəfdaşlıqların bir-birinə alternativ kimi təqdim edilməməsidir. Azərbaycan hər bir istiqamətdə öz milli maraqlarından çıxış edir".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən