"Prezidentin mesajı bizim qələbəmizə ortaq olmaq istəyənlərə verilən mesajıdır" - Deputat

 17:12 05.10.2026     154

Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib ki, bizə lazım olan vaxtda bizə heç kim kömək etməyib. 

"Bir milyon qaçqınımız olanda heç kim bizə əl uzatmayıb. Nə almışıqsa, pulla almışıq. O cümlədən bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər", - deyə dövlət başçısı bildirib.

Prezident İlham Əliyevin çıxışını Redaktor.az-a şərh edən Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd etdi ki, Azərbaycan lideri tarixi zəfərimizə gələn yolu bir daha qiymətləndirərək təhlil edib və qələbəmizin necə əldə olunmasından bağlı öz fikirlərini səsləndirib:

"Bu qələbənin müəllifinin Azərbaycan xalqı olduğunu ifadə edib. Çünki doğrudan da, qələbəni əldə etmək üçün Azərbaycan ordusu da, Azərbaycanın iqtisadi resursları da, Azərbaycanın maliyyə resursları da, ideoloji resursları da hamısı Azərbaycan xalqına məxsusdur. Əslində, Azərbaycan Prezidentinin bu mesajı bizim qələbəmizə ortaq olmaq istəyənlərə verilən mesajıdır. Çünki ictimai rəydə müxtəlif ideoloji təxribat qrupları bir X ölkəsinin adını çəkərək deyirlər ki, o ölkə göz yummasaydı, biz tarixi zəfər əldə edə bilməzdik. Başqa birisi bir Y ölkəsinin adını çəkərək deyir ki, bu ölkədən dəstək gəlməsəydi, biz torpaqlarımızı işğaldan azad edə bilməzdik. Bu isə milli qürur və milli güc baxımından bir millətdə öz gücünə inamsızlıq yaradır. Əslində, mənə elə gəlir ki, Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər Azərbaycan xalqının özünə inamının, dövlətinə inamının və etimadının zəruri olduğu ilə bağlı idi. Hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, biz bu tarixi zəfəri öz iqtisadi imkanlarımız hesabına, öz hərbi imkanlarımız hesabına və öz maliyyə imkanlarımız hesabına əldə etmişik. Məncə, burada əsas məqsəd bundan ibarət idi ki, biz nə qədər güclü xalqıq, nə qədər böyük xalqıq, nə qədər döyüşkən xalqıq və dünyadakı dırnaqarası o dairələrə qarşı, müharibələri himayə edən, dünya siyasətini təyin edən o böyük dairələrə qarşı biz təkbaşına vuruşduq. Mən düşünürəm ki, bu, milli özünə inam baxımından, milli dövlətə etibar baxımından olduqca mühüm əhəmiyyətli bir fikir idi".

Aytəkin TOFİQQIZI 

Vumart və Güvən reklamı Vumart Güvən