“Heç kim bizə pulsuz kömək etməyib” - Prezidentin mesajına deputatdan ŞƏRH

 17:15 05.10.2026     159

"Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultayındakı bəyanatları ölkənin həm daxili inkişaf dinamikasını, həm də regional və qlobal miqyasda artan geosiyasi çəkisini hüquqi və siyasi baxımdan xarakterizə edən mühüm doktrinal mesajdır. Şərqdən Qərbə, Cənubdan Şimala uzanan nəqliyyat və enerji koridorlarının kəsişməsində yerləşən Azərbaycanın son illərdə yürütdüyü müstəqil xarici siyasət milli təhlükəsizlik strategiyasının özünütəminat prinsipi üzərində qurulduğunu sübut edir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında deputat Bəhruz Məhərrəmov səsləndirdi. Onun sözlərinə görə, dövlət başçısının "heç kimin ölkəmizə pulsuz kömək etmədiyi" barədə vurğusu beynəlxalq münasibətlər sistemində mövcud olan siyasi konyunkturanın və ikili standartların reallığını əks etdirməklə yanaşı, Azərbaycanın suveren inkişaf modelinin məhz daxili resurslara, iqtisadi müstəqilliyə və milli maraqlara söykəndiyini aydın şəkildə nümayiş etdirir:

"Hüquqi müstəvidə bu yanaşma beynəlxalq hüququn əsas prinsiplərindən olan dövlətlərin suveren bərabərliyi, daxili işlərə qarışmamaq hüququnun təzahürüdür. Azərbaycan BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalmış qətnamələrini öz hərbi-siyasi gücü ilə icra edərək, həm beynəlxalq hüququn aliliyini bərpa etdi, həm də regionda güclər nisbətini kökündən dəyişdi. Başqa dövlətlərdən və ya xarici yardım fondlarından maliyyə və siyasi asılılığı olmayan ölkələr qərar qəbul etmə prosesində tam müstəqillik qazanır. Məhz bu iqtisadi və siyasi suverenlik Azərbaycanın xarici təzyiqlərə qarşı davamlılığını təmin edən ana amildir.

Məlumdur ki, məhz bu çərçivədə cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan lokal münaqişə tərəfindən çıxaraq Avrasiyanın əsas təhlükəsizlik, enerji və logistika habına, yəni regional liderdən qlobal səviyyədə nəzərə alınan aktora çevrilmişdir. Ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi, BMT kimi qlobal platformalardakı təşəbbüsləri və COP29 kimi möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi məhz bu transformasiyanın bariz sübutudur. Cənubi Qafqazda yeni geosiyasi reallıqlar diktə edən Azərbaycan xarici donorların diktəsi ilə deyil, öz hərbi-sənaye kompleksi, güclü ordusu və dayanıqlı iqtisadiyyatı ilə bölgədə sülhün və inteqrasiyanın əsas zəmanətçisinə çevrilib. Qurultaydakı mesajlar həm də gələcək strateji xəttin göstəricisidir ki, Azərbaycan bundan sonra da heç bir xarici güc mərkəzindən asılı olmadan, sırf milli və dövlətçilik maraqlarına əsaslanan müstəqil xarici və daxili siyasətini qətiyyətlə davam etdirəcəkdir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən