Trampın İrana qarşı ritorikasının sərtləşməsi seçki ilə bağlıdır - ŞƏRH
ABŞ Prezidenti Donald Tramp noyabrda Konqresə keçiriləcək aralıq seçkisindən sonra İrana qarşı yeni bombardmanların ola biləcəyini istisna etməyib. Həmçinin o əlavə edib ki, İranla heç vaxt sülh olmayacaq. Bu barədə Ağ Ev rəhbəri "Time" nəşrinə müsahibəsində məlumat verib.
Trampın yenidən bu fikirləri səsləndirməsinə səbəb nədir?
Politoloq Asif Nərimanlı Redaktor.az-a bildirdi ki, Trampın bu açıqlaması əslində İranı danışıqlar masasında razı salmağa məcbur etmək hesablanmış bir açıqlama kimi qiymətləndirilə bilər:
"Tramp adətən ritorik müstəvidə zaman-zaman dəyişkən mövqelər sərgiləyir. O daha öncə müharibədən danışır, ondan sonra razılaşmanın mümkünlüyündən danışır, indi isə sülhün olmayacağından danışır. Bu, ilk növbədə, ümumi vəziyyətdən qaynaqlanan məsələdir. İran və Amerika arasındakı prosesə baxdıqda, istər müharibə, istərsə də hərbi gərginlik fonunda davam edən danışıqlar var və zaman-zaman tərəflər təmas qururlar. Bu danışıqlar masasında tərəflər arasında kifayət qədər ziddiyyətlər var. Bu elə ziddiyyətlərdir ki, tərəflərdən biri ya müharibə meydanında məğlub olmalıdır və məğlub olacağı təqdirdə masada razılaşmaya əməl etmək olar, yaxud da masada tərəflərdən biri geri çəkilməlidir. Amma bu, ən azı yaxın dövr üçün qeyri-mümkün görünür. Bu baxımdan Trampın ritorikasının dəyişməsi əslində bununla qaynaqlanan məsələdir, yəni masadakı vəziyyətdən irəli gəlir. Tramp zaman-zaman mövqeyini dəyişməklə gah danışıqların və razılaşmanın mümkünlüyündən, gah da sülhün olmayacağından danışır".
Müsahibimiz hesab edir ki, bu, masadakı vəziyyətdən qaynaqlanır və Tramp bu cür formalarla İrana təzyiq etməyə çalışır.
"Əsas səbəbin məhz bu olduğunu deyə bilərəm. Mənim fikrimcə, noyabrda, yəni aralıq seçkiləri ərəfəsində bu ritorikanın sərtləşdirilməsi təsadüfi deyil. Çünki Tramp İran məsələsində, belə demək mümkündürsə, istədiyinə tam nail ola bilmədi. Müharibə yolu ilə və indi danışıqlar masasında hər hansı bir seçkiyə qədər razılaşmanın əldə olunması yalnız o halda mümkün ola bilər ki, İran tərəfinin də mövqeyi nəzərə alınsın, yəni İran tərəfinin tələbləri müəyyən qədər qəbul olunsun. Yalnız bu halda danışıqlar masasında razılaşma əldə etmək mümkün ola bilər. Bu isə seçkidən öncə Amerika üçün, yəni Amerika administrasiyası üçün sərfəli deyil. Çünki seçkidən öncə İranla belə bir danışığın, razılaşmanın əldə olunması Amerikanın məğlubiyyətinin qəbul edilməsi kimi izah oluna bilər ki, bu da seçkiyə təsir edə bilər. Digər tərəfdən, İsrail faktoru da var ki, Amerikanın seçkilərinə zaman-zaman təsir etmək imkanına malikdir.
Bilirik ki, İsrailin də əsas narazılığı Amerikanın İranla danışıqlar masasında razılaşma əldə etməsidir. Belə demək mümkündürsə, Tramp seçkidən öncə “sülh olmayacaq” açıqlamaları ilə həm də İsrailin, yəhudilərin seçkidə onun Respublikaçılar Partiyasının əleyhinə nəticənin çıxmasının, yəni onların əleyhinə mövqe sərgiləməsinin qarşısını almaq istəyir. Düşünürəm ki, bu, seçki ərəfəsində həm danışıqlar masasındakı vəziyyətdən qaynaqlanan, həm də seçki ərəfəsində verilən açıqlamalardır. Amma seçkidən sonra böyük ehtimalla yenə İranla hərbi müharibə və sülh arasında tez-tez dəyişən proses yenidən aktivləşəcək. Yəni İsrail deyir ki, bu, müəyyən lokal müstəvidə zərbələr endirilsin və məqsəd də İranı masadakı tələblərə razı salmaqdır. Daha genişmiqyaslı müharibə yox, daha lokal müstəvidə müəyyən zərbələrin endirilməsini müşahidə edə bilərik və buna paralel şəkildə danışıqlar prosesi də davam edəcək", - deyə A.Nərimanlı bildirdi.
Xədicə BAXIŞLI













