“Heç kim bizə "gedin, torpaqlarınızı azad edin" deməyib” - Millət vəkili
“Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışını proqram xarakterli çıxış hesab edirəm. Bu çıxışda Azərbaycanın dünəni, bu günü və gələcəyinin əsas konturları geniş şəkildə öz əksini tapıb”.
Bunu Redaktor.az-a açıqlamasında deputat Azər Badamov dedi.
Onun sözlərinə görə, dövlət başçısı çıxışında Azərbaycanın 1980-ci illərin sonlarından başlayaraq üzləşdiyi faciələrə, bu faciələrin səbəblərinə, Yeni Azərbaycan Partiyasının yaranmasını zəruri edən ictimai-siyasi reallıqlara və partiyanın hakimiyyətdə olduğu illərdə ölkənin keçdiyi inkişaf yoluna geniş şəkildə toxunub.
Deputat qeyd etdi ki, çıxışda Azərbaycanın əldə etdiyi Zəfərə və suverenliyinin tam bərpa olunmasına aparan mərhələlər, eləcə də qurultayın keçirildiyi reallıqlar və qarşıda duran əsas vəzifələr də aydın şəkildə ifadə olunub:
“Məncə, bu çıxışın ən mühüm məqamlarından biri Azərbaycanın əldə etdiyi uğurların hansı şərtlər hesabına mümkün olduğunu ortaya qoyması idi. Təbii ki, əldə etdiyimiz bütün nailiyyətlər heç kimin bizə hazır şəkildə təqdim etdiyi imkanlar hesabına əldə olunmayıb. Azərbaycan öz gücünə, iqtisadi imkanlarına, xalqın iradəsinə, milli birlik və həmrəyliyə, ən əsası isə həyata keçirilən düzgün və ardıcıl siyasi kursa söykənərək bu nəticələri əldə edib.
Biz 1990-cı illərin əvvəllərində son dərəcə ağır və mürəkkəb dövr yaşadıq. Azərbaycanın ərazilərinin 20 faizi işğal olundu, ölkəmiz böyük humanitar fəlakətlə üzləşdi. Beynəlxalq müstəvidə də vəziyyət heç də ədalətli deyildi. Azərbaycan öz əraziləri işğala məruz qalan tərəf olsa da, müəyyən beynəlxalq dairələr tərəfindən sanki işğalçı tərəf kimi təqdim olunurdu.
Həmin dövrdə 8 milyon əhalisi olan Azərbaycanda 1 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, ağır sosial şəraitdə, çadır şəhərciklərində yaşamağa məcbur olmuşdu. Ölkənin iqtisadi vəziyyəti son dərəcə ağır idi. Amma bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan xalqı öz dövlətinin gələcəyinə inamını itirmədi. Heç kim o ağır vəziyyətdən çıxmağımız üçün bizə hazır şəkildə iqtisadi resurs təqdim etmədi”.
A.Badаmov bildirdi ki, Azərbaycanın iqtisadi inkişafının əsaslarının formalaşmasında ulu öndər Heydər Əliyevin siyasəti və 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” mühüm rol oynayıb:
“Bununla da ölkənin gələcək iqtisadi inkişafı üçün möhkəm təməllər yaradıldı. Sonrakı illərdə Azərbaycan əldə etdiyi iqtisadi imkanlardan səmərəli istifadə edərək həm ölkənin inkişafını təmin etdi, həm də güclü ordu quruculuğuna nail oldu. Ordumuz müasir silah və texnika ilə təchiz edildi. Burada da Azərbaycan heç də həmişə asan şəraitlə üzləşməyib. Müxtəlif dövrlərdə bizə silah satmaq istəməyən ölkələr və məhdudiyyətlər olub. Azərbaycan məcbur olub silahları bazar qiymətləri ilə, bəzi hallarda isə daha baha qiymətlərlə almışdır”.
Millət vəkili qeyd etdi ki, Azərbaycanın əldə etdiyi Zəfərin arxasında uzun illər ərzində aparılan iqtisadi, siyasi və hərbi hazırlıq dayanır:
“Heç kim bizə pulsuz olaraq bir güllə belə verib “gedin, torpaqlarınızı azad edin” deməyib. Əksinə, Azərbaycan öz imkanları hesabına güclü ordu qurub, iqtisadiyyatını inkişaf etdirib və öz milli maraqlarını təmin etmək üçün bütün zəruri resursları formalaşdırıb.
Bu baxımdan, Prezident İlham Əliyevin qurultaydakı çıxışında Azərbaycanın heç kimdən pulsuz yardım gözləmədən öz gücünə arxalanaraq inkişaf etdiyini xüsusi vurğulaması mühüm siyasi mesajdır. Çünki əldə etdiyimiz nəticələrin hansı şərtlər daxilində formalaşdığını həm Azərbaycan cəmiyyətinin, həm də beynəlxalq ictimaiyyətin bilməsi vacibdir”.
Deputat vurğuladı ki, Azərbaycan hazırda müstəqil, iqtisadi və hərbi imkanlara malik, milli maraqlarını müdafiə etmək iqtidarında olan dövlətdir:
“Biz bu mərhələyə hazır şəkildə gətirilməmişik. Bu nəticə uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, xalq-iqtidar birliyinin, milli həmrəyliyin və Azərbaycanın öz imkanlarından düzgün istifadə etməsinin nəticəsidir. Məhz buna görə Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışı təkcə görülən işlərin hesabatı deyil, həm də Azərbaycanın hansı yoldan keçərək bu günə gəldiyini və qarşıda hansı vəzifələrin dayandığını göstərən siyasi proqram xarakterli çıxış kimi qiymətləndirilə bilər”.
NURİYYƏ













