"Tramp gah İranla danışıqlara hazır olduğunu deyir, gah da İranı məhv edəcəyini bildirir"
ABŞ Prezidenti Donald Tramp yenidən İranla danışıqlara hazır olduğunu bildirib. Trampın bu istiqamətdə artıq neçə dəfə belə açıqlama verməsinə baxmayaraq, tərəflər arasında danışıqlar hələ də baş tutmayıb.
Bəs ABŞ və İran arasında danışıqların başlamasına nə mane olur?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Oktay Qasımov bildirdi ki, dövri olaraq biz eyni zamanda Trampdan İranla bağlı ziddiyyətli bəyanatlar eşidirik:
"Tramp gah İranla danışıqlara hazır olduğunu deyir, gah da İrana zərbə endirəcəyini, İranı məhv edəcəyini bildirir. Bir neçə gün öncə isə o qeyd edib ki, İranla danışıqlar baş tutmasa, Amerika aralıq seçkilərindən sonra İrana zərbələr endirə bilər. Xatırladıram ki, təxminən iki həftə öncə Nyu-Yorkda ABŞ və İran nümayəndələri görüş keçiriblər. Orada da prinsipial razılaşmalar əldə olunmayıb. Tramp həmin vaxt İranın təklif etdiyi məsələləri rədd etdiyini və qəbul etmədiyini bəyan edib.
Danışıqlar niyə baş tutmur? Çünki tərəflərin hər ikisi buna hazır deyil. Söhbət prinsipial və tərəfləri qane edəcək qərarlardan gedir. Bu baxımdan tərəflərin mövqeləri kifayət qədər ziddiyyətlidir və bu antaqonizm kifayət qədər dərindir. Ona görə də tərəflər hələlik birbaşa danışıqlara hazır görünmür. Aparılan danışıqlar isə əksər hallarda vasitəçilərin iştirakı ilə keçirilir. Nəzərə alsaq ki, bu yaxınlarda İran Xarici İşlər Nazirliyi yenə də vasitəçilərlə görüş keçirilməsini nəzərdə tutub, həmin görüşlərdə əldə olunacaq nəticələrə uyğun olaraq sonrakı proseslərin necə davam edəcəyini görəcəyik", - o dedi.
Siyasi şərhçi hesab edir ki, bütün hallarda qarşıdakı bir ay ərzində tərəflər arasında ciddi prinsipial razılaşmanın əldə olunması gözlənilmir:
"Çünki bir daha qeyd edirəm, Donald Trampa Amerika cəmiyyətini rahatladacaq bir nəticə lazımdır. Hazırda həmin nəticəni əldə etmək mümkün deyil. O baxımdan bu danışıqlar baş tutmur. Nəzərə alsaq ki, İranda da bu məsələlərə kifayət qədər radikal yanaşan qüvvələr var, onlar da prinsip etibarilə danışıqların əleyhinədirlər. Eyni zamanda, beynəlxalq güclərin də bu məsələlərdə marağını nəzərə alsaq, yaxın perspektivdə vəziyyətin necə inkişaf edəcəyini indidən dəqiq söyləmək çətindir".
NURİYYƏ













