"Pezeşkian Trampla görüşmək üçün son şansını da itirdi" - AÇIQLAMA
ABŞ Prezidenti Donald Tramp İranla birbaşa danışıqlar aparmağa açıq olduğunu bilidirib.
Bəs tərəflərin birbaşa danşıqlara getməsi realdırmı?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Natiq Miri bildirdi ki, ABŞ lideri Donald Trampın verdiyi cavab ona jurnalistlərin verdiyi sualın müqabilində verilən cavabdır:
"“Siz İranla birbaşa danışıqlara hazırsınızmı?” sualına “bəli, hər zaman” deyə cavab verib. Ancaq məsələ burasındadır ki, İran heç bir zaman Amerika Birləşmiş Ştatları ilə birbaşa danışıqlara oturmur, həmişə dolayısı yolla, vasitəçilər yolu ilə danışıqlar aparır. Əslində, bu sülh danışıqlarında ən problematik olan bir məqamdır. Çox təəssüf ki, bunu hələ də İranda anlamağa çətinlik çəkirlər. Xatırlayın, Azərbaycan-Ermənistan arasında Qarabağ münaqişəsində 30 il dolayısı yolla ATƏT-in Minsk qrupu vasitəsilə danışıqlar aparıldı, nəticə sıfır. Ancaq 44 günlük müharibədən sonra Azərbaycan tədricən Ermənistanla birbaşa ünsiyyətə üstünlük verməyə başladı. Məhz birbaşa danışıqlardan sonra müəyyən razılaşmalar, anlaşmalar mümkün oldu. Sonradan bəlli oldu ki, bəli, vasitəçilər, qlobal vasitəçilər hər zaman özlərinin geosiyasi maraqlarını təmin etmək üçün çalışırlar. Qlobal güclərin maraqlarını uzlaşdırmaq ən çətin problemdir ki, 30 il müddətində bunu etmək mümkün olmayıb".
Onun sözlərinə görə İran-ABŞ danışıqlarında da İranın ən böyük problemi dolayısı yolla danışıqlar tələbidir ki, bu da həm vasitəçilərin maraqlarını bu danışıqlarda ifadə edir.
"Eyni zamanda verilən fikirlər, ideyalar hansı şəkildə qarşı tərəfə ötürülüb-ötürülmədiyini də təklifi verən tərəf o qədər də bilmir. Ona görə də ABŞ hər zaman birbaşa danışıqların tərəfdarı kimi çıxış edib. Burada da Donald Tramp birbaşa danışıqlar tələb edir. Deyək ki, İranın Prezidenti Məsud Pezeşkian BMT sammiti çərçivəsində, yəni Baş Assambleyaya səfəri çərçivəsində ABŞ-nin Prezidenti Donald Trampla görüş şansını, bəlkə də son şansını itirmiş oldu. İnanın ki, bu ikitərəfli birbaşa danışıqlar prezidentlər arasında olsaydı, bəlkə də bu gün fərqli bir müstəvidən, fərqli bir nəticədən danışardıq. Ona görə də Amerika Birləşmiş Ştatları birbaşa danışıqlara açıq olduğunu bəyan edir, problem qarşı tərəfdədir. İran ortalığa şərtlər qoyur ki, yeganə qlobal güc olan ABŞ təbii ki, İranın qarşısında bu şərtləri qəbul etməyəcək. Ona görə də, açığı, mən Donald Tramp bu fikri səsləndirmiş olsa da, qarşı tərəfin buna gedəcəyinə heç ümid etmirəm, çünki heç bir zaman onlar birbaşa danışıqlara oturmadı. Hətta Pakistanda belə, İslamabaddakı görüşdə də danışıqlar vasitəçilər vasitəsilə həyata keçirilir. Ona görə bunun mən perspektivini hələlik görmürəm", - deyə Natiq Miri yekunlaşdırdı.
Aytəkin TOFİQQIZI













