Bu addım Rusiyanın özünün də sonunu gətirə bilər - Politoloq
"Rusiya Kalininqrad vilayətinin mühasirəyə alınmasından narahatdır və NATO-ya göndərdiyi notada hətta nüvə silahından istifadə edəcəyini bildirir. Təbii ki, Kalininqrad vilayəti Rusiya üçün çox böyük əhəmiyyətə malikdir. Onun mühasirəyə alınması Rusiyanı hər cür ağılsız addımlar atmağa məcbur edə bilər. Çünki Rusiya belə bir addımı sükutla qarşılamaya bilməz".
Bunu Redaktor.az-a açıqlamasında politoloq Abutalıb Səmədov bildirdi.
"NATO-nun rəsmi nümayəndəsi belə bir planın, belə bir istəyin olmadığını deyir və açıq şəkildə bildirir ki, NATO-nun Kalininqradı mühasirəyə almaq fikri yoxdur. NATO-nun baş katibi də “bizi nüvə silahı ilə təhdid etməkdən çəkinin, kifayətdir bu cür hədələr” deyir. Ancaq bir şey aydındır ki, əgər həqiqətən də NATO belə bir addım atsa, Rusiya çıxılmaz vəziyyətdə qala və hansısa formada buna cavab vermək məcburiyyətini hiss edə bilər. Təbii ki, burada Amerika Birləşmiş Ştatlarının mövqeyi də çox vacibdir", - deyə o qeyd etdi.
Siyasətçi əlavə etdi ki, ABŞ olmadan NATO kifayət qədər zəif bir hərbi blokdur:
"Tramp Kalininqrad vilayətinin mühasirəyə alınmasına icazə verməz. Onun icazəsi olmadan bu addım atılmaz. Ümumiyyətlə, belə bir planın olmadığı deyilir və mən hesab edirəm ki, bu, Rusiya tərəfindən ciddi məlumat kimi qiymətləndirilməməlidir. Ancaq belə bir addım atılarsa, Rusiya, ola bilsin ki, Baltik ölkələrindən hansısa birinə taktiki nüvə silahı ata bilər. Bununla öz niyyətinin ciddi olduğunu və ümumiyyətlə, Rusiyanın ciddi dövlət olduğunu göstərmək istəyə bilər. Belə bir addım atıla bilər. Ancaq mən hesab edirəm ki, nə Kalininqrad vilayəti mühasirəyə alınacaq, nə də nüvə silahından istifadə etməyə ehtiyac olacaq. Ümumiyyətlə, Rusiya həqiqətən də bu nüvə silahı ilə bağlı təhdidlərə son qoymalıdır. Çünki nüvə silahından istifadə təkcə Rusiyanın nüvə raketlərini göndərdiyi ölkə üçün problem yaratmayacaq, eyni zamanda Rusiyanın özünün də sonunu gətirə bilər".
Xədicə BAXIŞLI













