“Azərbaycanla sülh olmadan Ermənistan-Türkiyə sərhədi açılmayacaq”
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, yaxın gələcəkdə Türkiyə ilə Ermənistan sərhədinin, dəmir yolunun açılacağı gözlənilir.
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi hələ imzalanmamış Türkiyə ilə Ermənistan sərhədi açıla bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a açaçıqlamasında politoloq Qafar Çaxmaqlı bildirdi ki, Ermənistanla Türkiyə arasında görüşlər, yəni müəyyən razılaşmalar istiqamətində danışıqlar aparılır:
"Həm Ermənistan, həm də Türkiyə tərəfindən nümayəndələr təyin olunub. Onlar bu məsələni dəfələrlə müzakirə ediblər. Ermənistanla Türkiyə arasında sərhədin və dəmir yolunun açılması məsələsi gündəmdədir. Bildiyimə görə, sərhəd xəttində də həm Ermənistan, həm də Türkiyə tərəfində tikinti işləri həyata keçirilir.
Amma məsələ burasındadır ki, Türkiyə hər zaman dediyi sözə sadiq qalaraq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmadan bu addımı atmayacaq. Bunu Ermənistanda da çox yaxşı bilirlər. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlandıqdan sonra Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin qurulması, sərhədlərin açılması, inteqrasiya proseslərinin başlaması və qarşılıqlı dövlətlərarası münasibətlərin yaxşılaşması gözlənilir. Azərbaycanla sülh müqaviləsi olmadan Türkiyə heç vaxt bu addımı atmayıb və indiyə qədər də atmayıb. Şübhəsiz ki, bu, hər hansı siyasi hadisə və ya gərginliklə bağlı deyil. Türkiyənin dövlət siyasəti var və Türkiyə bu dövlət siyasətinə hər zaman sadiqliyini nümayiş etdirib. Bu məsələdə də belə olacaq".
NURİYYƏ













