Türkiyə-Ermənistan sərhədində kritik məqam - “İrəvan adekvat cavab verməlidir”

 12:39 07.10.2026     179

"Türkiyə Ermənistanla sərhədlərinin tam açılmasını Azərbaycan-Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına bağlayır".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Əli Orucov bildirdi.

Onun sözlərinə görə, Ankaranın bu mövqeyi dəyişməz qalıb:

"Lakin paralel olaraq da yumşalmalar həyata keçirilir. Ticari əlaqələrin yaranması, birgə mədəni-humanitar layihələrin həyata keçirilməsi istiqamətində də müəyyən addımlar atılmaqdadır. Türkiyə ilə Ermənistanın iki sərhəd-keçid məntəqəsini tam hazır vəziyyətə gətirməsi də xeyli zaman aldığından hər iki tərəfdə texniki məsələlərin üzərində fəaliyyət davam etdirilir. Ancaq bütün bunlar o demək deyildir ki, Türkiyə sülh müqaviləsi bağlanmadan öz sərhədlərini tam şəkildə Ermənistanın üzərinə açacaq. Paşinyanın da belə bir fikir səsləndirməsi ilk deyil və bundan da əvvəl tezliklə iki ölkə sərhədlərinin açılacağını bildirib. Görünür, Paşinyan sülh müqaviləsinə mane olan Konstitusiya düzəlişlərinin tezliklə aradan götürülməsi barədə nikbindir".

Ə.Orucovun fikrincə, digər tərəfdən, ticari əlaqələrin yaranması, sərhədin açılması ilə bağlı yumşalmalar Paşinyan hakimiyyətinin revanşistlərin qarşısında mövqeyini möhkəmləndirir, Ermənistanın Rusiyadan asılılığını azaldır:

"Gərək İrəvan ona qarşı edilən bu güzəştləri və jestləri nəzərə alsın və adekvat cavab versin. Əks təqdirdə prosesin dalana dirənməsi Ermənistanı yenidən blokadaya sala bilər".

NURİYYƏ 

Vumart və Güvən reklamı Vumart Güvən