“Ermənistanın itkin azərbaycanlıların taleyi barədə şübhəsiz məlumatı var” - Aydın Mirzəzadə

 12:34 07.10.2026     119

Azərbaycan Prezidenti İlham Əliyevin “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətində qeyd edib ki, Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməli, müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Redaktor.az-a açıqlamasında bildirdi ki, itkin düşmüş insanların taleyi məsələsi bütün məsələlərdən öndədir:

“Bu, artıq bir ailənin faciəsidir. Bu, cəmiyyətin ümumilikdə özünə yaxın qoymadığı bir məsələdir. Hər bir insanın taleyi məlum olmalıdır. Əgər o həlak olubsa, əsir götürülübsə və yaxud da hansısa şəraitdə itkin düşübsə, bu barədə həmin əraziyə nəzarət edən tərəf mütləq məlumat verməlidir. Bizim minlərlə itkin düşmüş vətəndaşımız, o cümlədən hərbçilərimiz var. Onlar Ermənistanla döyüş bölgəsində, Ermənistanın işğal etdiyi zonada itkin düşüb. Bir qisminin taleyini müəyyən etmək olub, amma bir qisminin isə hələ də heç bir məlumat yoxdur. Təəssüf ki, bir qisminin taleyi Ermənistan torpaqlarımızı işğal edərkən insanları kütləvi şəkildə edam edərək adsız kütləvi məzarlıqlarda basdırdıqları və sonradan oralar qazıldıqda onların tapılaraq DNT vasitəsilə məlum olması ilə müəyyən edilib. Amma bir qismi barəsində isə Ermənistanın şübhəsiz məlumatı var”.

Millət vəkili vurğuladı ki, biz Ermənistan tərəfdən həmin məlumatları axıradək verməyi tələb edirik:

“Əgər Ermənistanın da sualı varsa, bu suala cavab verməyə hazırıq. Azərbaycan döyüş bölgəsində əsir götürülmüş Ermənistan döyüşçülərinin hamısını bir nəfərə qədər geri qaytarıb. Torpaqlarımız işğaldan azad olunarkən mülki obyektlərə zərər verilməyib, vətəndaşların zərər almasına imkan verilməyib. Bunu bütün dünya bilir. Beləliklə isə Ermənistanla artıq münasibətlərimizin normallaşma prosesi gedir və gündəlikdə olan məsələlərin öndə olanlarından biri də məhz itkin düşmüş insanların taleyidir. Bu məsələ ətrafında dövlətimizin prinsipial mövqeyi var və axırıncı şəxsin taleyi məlum olanadək bu istiqamətdə işlər aparılacaq”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən