Paşinyanın “yaxın vaxtlar” vədi: “Bu müddət bir-iki ili əhatə edə bilər”

 13:01 07.10.2026     154

Ermənistan Baş naziri Nikol Paşinyanın sülh sazişinin yaxın vaxtlarda imzalanacağı ilə bağlı açıqlamaları fonunda Azərbaycan-Ermənistan münasibətlərində növbəti mərhələnin nə zaman başlayacağı müzakirə mövzusudur. Eyni zamanda, Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı verilən vədlərin də konkret tarixə çevrilməməsi “yaxın vaxtlar” ifadəsinin nə qədər geniş zaman kəsiyini əhatə edə biləcəyi sualını gündəmə gətirir.

Politoloq Əli Mustafa Redaktor.az-a açıqlamasında bildirDİ ki, Paşinyanın istifadə etdiyi “yaxın vaxtlar” ifadəsi bir-iki ili də əhatə edə bilər.

“Paşinyan sülh sazişinin yaxın vaxtlarda imzalanacağını deyirdi. Eyni zamanda, Türkiyə ilə də yolların yaxın vaxtlarda açılacağını bildirirdi. Yəni “yaxın vaxtlar” anlayışı əslində nisbi anlayışdır. Ola bilsin, bu “yaxın vaxtlar” deyilən müddət bir-iki ili əhatə edir”.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması üçün kifayət qədər ciddi işlər görülüb və sənəd artıq paraflanıb.

“Həmin sülh sazişi paraflanıb. Yalnız Ermənistan ya parlament səviyyəsində, ya da referendum yolu ilə yeni konstitusiya ilə bağlı qərar verməlidir. Orada da prinsip etibarilə yol açılır.

Amma digər tərəfdən, Azərbaycanın ərazi bütövlüyü məsələsi və Ermənistan məsələsi bəzən kontekstdən çıxarılır. Ermənistan konstitusiyasında Türkiyənin də ərazi bütövlüyünə kölgə salan məqamlar var. Bu məsələ əslində həm Azərbaycanın, həm də Türkiyənin ortaq problemidir.

Odur ki, düşünürəm ki, bu məsələdə Azərbaycan və Türkiyə müəyyən qərarlar verə bilərlər. Müəyyən ortaq qərarlar qəbul edib hər hansı bir vəziyyətdə konfiqurasiyanı dəyişə və yaxud fərqli strategiya müəyyənləşdirə bilərlər.

Amma yəqin ki, hələlik, anladığım qədər, məsələ Ermənistanın üzərinə düşən öhdəlikləri həyata keçirməsindən sonra bu layihələrin reallaşması ilə bağlıdır. Baxaq. Bütün hallarda düşünürəm ki, Türkiyə və Ermənistan arasında nə baş verəcəksə, bu, Azərbaycanın iştirakı və razılığı ilə baş verəcək”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən