“Aramızı pozmaq istəyənlərin oyununa düşməməliyik” - Türkiyəli general
“2014-cü ildə Praqada keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığı sammitində Ermənistan prezidentinin Türkiyə əleyhinə çıxışını dinlədikdən sonra Ali Baş Komandan, Prezident İlham Əliyev orada bu sözləri işlətmişdi: “Türkiyə burada yoxdur və siz bunları danışırsınız. Türkiyənin olmadığı yerdə Azərbaycan var və bunları mən sizə deyirəm”. Bu, tarixi bir nümunədir”.
Bunu Redaktor.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz bildirdi.
“Fransa Azərbaycan və Ermənistanın NATO-nun keçirdiyi iclaslar çərçivəsində, NATO-nun Cənubi Qafqaza yönəlmiş Fərdi Tərəfdaşlıq Proqramına müxtəlif səbəbləri və Azərbaycan-Fransa münasibətlərinin mövcud vəziyyətini əsas gətirərək veto qoydu. Bununla da Cənubi Qafqazın NATO ilə uyğunlaşdırılması ilə bağlı proses Azərbaycan üçün dayandı. Bunun üzərinə Türkiyə Ermənistanın bu Fərdi Tərəfdaşlıq Proqramına veto qoydu və bildirdi: “Azərbaycanın veto edildiyi yerdə Ermənistan da veto edilməlidir. Yalnız bir şərtlə bunlar təsdiqlənə bilər: iki ölkənin eyni anda bu proqramı təsdiqlənərək NATO-ya inteqrasiya ilə bağlı maneələr dəf olunmalı və proqram həyata keçirilməlidir”. Buna görə də Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər bu səviyyədədir, qardaşlıq bu səviyyədədir. Eyni soydan, eyni tarixdən, eyni kökdən gələn bizlər üçün alınması gərəkən dərslərlə və yaşanmışlıqlarla doludur.
Heç kim pozucuların və aramızı pozmaq istəyən, xarici güclərin dəstəyi ilə hərəkət edən, daxildən isə bilərək və ya bilməyərək bu işə alət olanların oyununa düşməməlidir. Keçmiş tariximizdən dərs alaraq ortaq gələcəyimizə, önümüzə, strategiyamıza və dünyanın bizə yüklədiyi missiyaya uyğun hərəkət etməyimiz lazımdır”, - deyə general vurğuladı.
Xədicə BAXIŞLI













