“Azərbaycan bir addım da geri çəkilmir” - Liderlərin telefon danışığı ilə bağlı AÇIQLAMA

 17:09 07.10.2026     167

Xəbər verdiyimiz kimi,  Prezident İlham Əliyev telefon zəngi ilə rusiyalı həmkarı Vladimir Putinin ad gününü təbrik edib. Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Rusiya münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edib, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Prezident İlham Əliyevin Rusiya lideri ilə telefon danışığı Azərbaycan-Rusiya münasibətlərinin gələcək istiqaməti ilə bağlı hansı mesajları verir? İki ölkə arasında münasibətlər yeni regional reallıqlar fonunda hansı mərhələyə qədəm qoyub? Azərbaycanın artan regional rolu Bakı-Moskva əlaqələrinə necə təsir edir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Tural Gəncəliyev vurğuladı ki, Azərbaycanın həm qlobal siyasətdə, həm də ki, regional siyasətdə qonşuları ilə, tərəfdaşları ilə konstruktiv münasibətlər qurması və bunu qoruyub saxlaması bizim müstəqil xarici siyasətimizin əsas uğurlu, ən diqqətçəkən məqamlarından biridir:

"Biz hal-hazırda istər Rusiya, təbii ki, qardaş Türkiyə, İran və hətta Azərbaycanla vaxtilə 30 il ərzində torpaqlarımızı işğal edən Ermənistanla belə hal-hazırda münasibətlərimizin normallaşması və konstruktiv şəkildə məcrada inkişaf etməsində maraqlıyıq.

Rusiya və Azərbaycan prezidentlərinin son telefon danışığı da bir daha göstərir ki, böyük ölkələr, regionumuzda yerləşən əsas ölkələr belə Azərbaycanı, onun rolunu, onun gücünü və bizim prezidentimizin liderliyini qəbul edirlər. Regionda istənilən məsələni Azərbaycanın iştirakı olmadan müzakirə etmirlər, Azərbaycanın rolunu nəzərə alırlar, Azərbaycanın mövqeyini öyrənirlər.

Bu gün Azərbaycan-Rusiya münasibətləri kontekstində danışırıqsa, təbii ki, Cənubi Qafqazda yeni bir reallıq yaranmışdır. Bu xüsusilə də 200 ildən bəri Rusiyanın Cənubi Qafqaza doğru müdaxilə etməsindən sonra yeni bir situasiya yaranıb. İlk dəfədir ki, Rusiya-Azərbaycan münasibətlərində biz artıq Ermənistan-Azərbaycan münaqişəsi, erməni məsələsini kənara qoyaraq məhz ikitərəfli, bərabər tərəfdaşlıq, bərabər, güclü iki tərəfdaşlar arasında münasibətlər kontekstində yanaşırıq".

Millət vəkili qeyd etdi ki, Azərbaycanın bütün digər ölkələrlə münasibətləri vaxtilə Ermənistan-Azərbaycan münaqişəsi ilə yüklənmişdi:

"Bu məqam sanki istəsək də, istəməsək də digər ölkələrlə münasibətlərimizdə münaqişə faktoru rol oynayırdı. Amma bu gün bu yükdən həm Cənubi Qafqaz azaddır, həm Azərbaycan özünü və regionunu, qonşularını bu yükdən, bu təhlükədən kənarlaşdırıb, həm Rusiya-Azərbaycan münasibətlərində baxış bucağının yaranmasına biz səbəb olmuşuq, yeni reallıq ortadadır.

Daha artıq Rusiyanın və ümumiyyətlə ATƏT-in Minsk qrupunun həmsədrlik institutu yoxdur. Ermənistan-Azərbaycan münaqişəsi yoxdur ki, bu münaqişədə kimsə nəsə vasitəçilik rolunu təqdim, təklif etsin. Ümumiyyətlə, bu çox müsbət, pozitiv bir haldır ki, biz qonşularla münasibətlərimizdə, Rusiya ilə münasibətlərdə artıq erməni məsələsi kontekstini kənara qoyaraq danışırıq. Yəni yeni bir reallıq, yeni bir gerçəklik var.

Təbii ki, Azərbaycan regionda əsas kommunikasiya xətlərinin üzərində yerləşən ölkədir. Şərq-Qərb, Cənub-Şimal marşrutu Azərbaycandan keçir. Rusiya da Azərbaycanın bu rolunu, bu mövqeyini anlayır. Azərbaycanın güclü bir ölkəyə çevrildiyini qəbul edir. Dövlət başçılarımız arasında normal, konstruktiv münasibətlərin olması da  bizim aramızda olan problemlərin, çatışmazlıqların məhz liderlər arasında diplomatik, siyasi kontekstdə həll edilməsi ilə nəticələnir. Bu çox pozitiv və müsbət haldır.

Bütün başları müharibəyə qarışmış, müharibələr edən tərəflər hamısı Azərbaycanla müsbət, isti münasibətlərini qorumaqda maraqlıdırlar. Təbii ki, müəyyən insidentlər baş verir, bu siyasətdir, bu diplomatik həyatdır. AZAL təyyarəsinin vurulması ilə bağlı və digər Rusiya-Azərbaycan münasibətlərində zaman-zaman yoxuşları və enişləri olmuşdur".

Tural Gəncəliyevin sözlərinə görə,  bizim tərəfdaşlarımız, regional ölkələr, qlobal ölkələr anlayırlar ki, Azərbaycan öz milli maraqlarını axıra qədər qoruyur və bir addım da belə geri çəkilmir:

"Hətta Rusiya ilə münasibətlərdə olsun belə, istər digər böyük güclərlə münasibətlərdə olsun. Ona görə bu həmçinin Azərbaycana hörmət və rəğbət artırır. Çünki hamı bizim siyasətimizin planlaşdırılan olduğunu, əvvəlcədən məlum olduğunu, ikiüzlülükdən, ikili standartlardan, riyakarlıqdan kənar olduğunu bilirlər.

Ona görə bax bugün daha çox, çox ikiüzlü, çoxdilli siyasət aparan Ermənistana münasibətə baxın, bir də bizə münasibətə baxın. Məsələn üçün, Ermənistan özünü bu günə qədər Rusiyanın forpostu kimi aparırdısa, bugün Avropa İttifaqının, Fransanın forpostu kimi aparır ki, sonra da Ermənistanın bütün tərəflərlə münasibətləri pozulur, gərginlik yaranır. Ancaq biz artıq 1993-cü ildən bəri, ümummilli liderin hakimiyyətə gəlməsi ilə eyni siyasəti, eyni yolu getmişik.

2003-cü ildən bu xarici siyasət kursumuz xüsusilə də daha da güclənib, daha da qəlibləşib. Yəni bizim tərəfdaşlarımız Azərbaycana həmişə rəğbət bəsləyirlər, etibarlı tərəfdaş hesab edirlər, Avropada belə, Amerikada belə, Rusiyanın özüdə belə. Ola bilsin ki, bizim siyasətimiz, müstəqil, suveren siyasətimiz çoxlarını qane eləmir, çoxları bundan məmnun deyil, ancaq ən azından hörmət və rəğbət qazanmışıq və bizi istəyənlər də, istəməyənlər də məcburdurlar ki, Azərbaycanın bu mövqeyi ilə barışsınlar, bizimlə normal münasibətlər qursunlar".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən