Moskva ilə İrəvan arasında buzlar əriyir? - Deputatdan AÇIQLAMA

 19:58 07.10.2026     122

Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Həmçinin Baş nazir Rusiya Prezidentini təbrik edib. Tərəflər Ermənistan-Rusiya münasibətlərinin aktual məsələlərini müzakirə ediblər.

Bu telefon danışığını Ermənistan-Rusiya münasibətlərinin hazırkı vəziyyəti fonunda necə qiymətləndirmək olar? Paşinyanın Putini ad günü münasibətilə təbrik etməsi və tərəflərin ikitərəfli münasibətləri müzakirə etməsi Moskva ilə İrəvan arasında əlaqələrdə müəyyən dəyişiklikdən xəbər verirmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Azər Allahverənov bildirdi ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə təbrik zəngi öz-özlüyündə müsbət hadisə kimi dəyərləndirilə bilər:

“Çünki burada diplomatik etiket qaydaları belə bir zəngin edilməsini bir növ zəruri edir. Amma bu zəng baş verməyə də bilərdi. Adətən belə protokol məsələləri əvvəlcədən razılaşdırılır və Rusiya tərəfindən də bu zəngin qəbul olunması Rusiyanın Ermənistanla bağlı məsələlərə münasibətinin müəyyən mənada müsbət olduğunu göstərir. Düzdür, müxtəlif məsələlər üzərindən Rusiyanın Ermənistana təzyiqləri var və bu, təkcə KTMT-dəki fəaliyyətin dondurulması ilə bağlı deyil. Burada Avrasiya İqtisadi İttifaqının üzvlüyündən çıxma məsələsi də var ki, bu da istər-istəməz iki dövlət arasında müəyyən gərginliyə səbəb olub. Hətta bu yaxınlarda konkret olaraq Ermənistanın Gümrü şəhərində dislokasiya olunmuş 102-ci Rusiya hərbi bazası ilə bağlı da müəyyən gərginliklərin yaşandığı məlumdur”.

Siyasətçi qeyd etdi ki, tərəflərin hər biri öz-özlüyündə bu məsələyə reaksiya verib, amma konkret addım atmayıb:

“Bu da onu göstərir ki, gərginlik daha çox verbal müstəvidə özünü göstərməkdədir. Amma real, praktiki cəhətdən hər iki dövlət bir-birində çox maraqlıdır. Burada söhbət təkcə siyasi müstəvidəki maraqlardan getmir, iqtisadi zəmində olan maraqlar da birbaşa olaraq öz təsirini göstərir. Bu da istər-istəməz edilən zəngin xarakterinə təsir edir və həmin zəngin öz-özlüyündə bu prosesin bir qədər də müsbət istiqamətdə inkişaf etməsinə zəmin yaradır. Amma bu, o demək deyil ki, iki dövlət arasında olan aktual məsələlər tez bir zamanda həll olunacaq. Məsələn, KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) ilə bağlı məsələ belədir ki, KTMT bir qayda olaraq Ermənistanı üzvlükdən çıxarmaq istəsəydi, uzun müddət Ermənistanın üzvlük haqqı ödəməməsi səbəbindən bunu edə bilərdi. Amma bu baş vermir və bu da onu göstərir ki, KTMT üçün Ermənistan mövzusu hələlik o səviyyədə deyil ki, burada daha radikal addımlar atılsın. Eynilə, Ermənistan da KTMT-ni bir platforma kimi hələ öz ixtiyarında saxlamağa çalışır. Baxmayaraq ki, Ermənistan real olaraq oradakı fəaliyyətini dondurub. Amma Avrasiya İqtisadi İttifaqı ilə bağlı vəziyyət bir qədər fərqlidir. Çünki burada Ermənistanın Avropa İttifaqına üzvlük prosesinə başlaması ilə bağlı qanun imzalanıb və Ermənistan məhz imzalanmış qanunun ruhuna uyğun olaraq bu gün Avropa İttifaqı ilə münasibətlərini dərinləşdirir. Bu da istər-istəməz Rusiyanı gərginləşdirir”.

Müsahibimizin sözlərinə görə, eyni vaxtda iki stulda oturmaq Ermənistan üçün müşkül məsələdir:

“Bu səbəbdən də Avrasiya İqtisadi İttifaqı son toplantısı zamanı qəbul etdiyi birgə bəyanatda Ermənistan qarşısında yeni bir öhdəlik müəyyənləşdirərək ilin sonuna qədər referendumun keçirilməsinə çağırış edib. Amma bu məsələdə də Ermənistan qəti mövqeyini sərgiləmiş oldu. Görünən odur ki, ilin sonuna qədər belə bir referendum keçirilməyəcək. Bu isə o deməkdir ki, həmin müstəvidə də münasibətlər hələlik gərgin olaraq qalacaq. Amma ümumi ikitərəfli münasibətlərə gəldikdə, bu zəng həmin münasibətlərin məhz pozitiv ruhda kökləndiyini göstərir. Eyni zamanda, bu, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün bir fürsətdir. Təxmin edirəm ki, bu istiqamətdə də müəyyən söhbətlər olub”, - deyə millət vəkili yekunlaşdırdı. 

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən