“Rusiyanın 102-ci hərbi bazanı Ermənistandan çıxarması real görünmür” - Deputat

 12:10 08.10.2026     76

“Ermənistanda yerləşən Rusiyanın 102-ci hərbi bazası ilə bağlı müzakirələr, mübahisələr və gərginliklər zaman-zaman artır. Ermənistan son dövrlərdə Rusiya ilə münasibətlərini sərtləşdirmək və Avropa İttifaqı ilə daha da yaxınlaşmaq siyasəti həyata keçirərkən, 102-ci hərbi baza məsələsi də gündəmə gəlir. Ermənistan Rusiyanın liderlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirak etmir, Avrasiya İqtisadi Birliyinin iclaslarında isə aşağı profildə iştirak edir. Bütün bunlar Ermənistandakı 102-ci Gümrü hərbi bazasının gələcəyi ilə bağlı suallar doğurur”.

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirdi.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin son bəyanatlarının birində belə bir fikir səslənmişdi ki, Rusiya üçün fərqi yoxdur, Ermənistan istəsə, onlar oradan çıxa bilərlər:

"Ancaq bu məsələyə görə ilk növbədə Ermənistanın məsuliyyət daşıdığı və bunun Ermənistanın seçimi olduğu bildirilib. Təbii ki, Ermənistan suveren və müstəqil dövlət kimi öz ərazisində yerləşən xarici ölkəyə məxsus hərbi bazanın çıxarılmasını tələb etmək hüququna malikdir. Bu məsələ də Ermənistan-Rusiya münasibətlərində daim müzakirə mövzularından biri olaraq qalır. Ancaq burada başqa bir məsələ ortaya çıxır: Ermənistanın Rusiyadan bunu tələb etmək və reallaşdırmaq üçün kifayət qədər gücü varmı? Rusiya öz xoşuna 102-ci hərbi bazanı oradan çıxaracaqmı? Əgər çıxaracaqsa, bunun qarşılığında Ermənistandan nə tələb edəcək? Ermənistan nə etməlidir ki, Rusiya bu bazanı çıxarsın? Digər məsələ isə Ermənistanın hazırda əsas tərəfdaşı və dəstəkçisi olan Avropa İttifaqının, xüsusilə də Fransanın Rusiya ilə qarşıdurmaya getmək və eskalasiyanı artırmaq məsələsində Ermənistana nə qədər dəstək verməyə hazır olmasıdır. Məsələn, Ukrayna ssenarisində gördük ki, ərazisi və əhalisi böyük olan bir ölkəyə belə Avropa İttifaqı tərəfindən sona qədər tam dəstək ifadə olunmurdu. Daha çox bu dəstək zaman-zaman sözlə ifadə olunurdu, Rusiya ilə qarşıdurmada isə Ukrayna əsasən tək qalırdı”.

Müsahibimiz əlavə etdi ki, Ermənistan Ukrayna deyil:

“Onun ərazisi və əhalisi o qədər böyük deyil. Bu baxımdan Ermənistan Rusiyanın hərbi bazasını öz ərazisindən nə dərəcədə rahat şəkildə çıxara bilər və bu prosesdə Ermənistana dəstək verən Avropa İttifaqı və hazırda Ermənistanın əsas tərəfdaşlarından biri olan Fransa nə qədər onun arxasında dayanacaq? Əsas suallar bunlardır. Digər tərəfdən, Rusiya ümumiyyətlə hərbi bazasını Ermənistandan çıxaracaqmı? Məlumdur ki, Rusiyanın Ermənistanda hərbi baza saxlaması ona həm İrana yaxın bölgədə təmsil olunmaq, həm də Türkiyə ilə sərhədlərə yaxın coğrafiyada mövcudluğunu qorumaq imkanı verir. Rusiya üçün həm İran, həm Türkiyə, ümumiyyətlə, Cənubi Qafqazda təmsil olunmaq baxımından bu, çox önəmli məsələdir. Nəzərə alsaq ki, Rusiya Gürcüstanda Cənubi Osetiya və Abxaziya üzərindən təmsil olunur, Ermənistanda isə bunu daha çox ikitərəfli müqavilə çərçivəsində həyata keçirir, məqsəd Ermənistanı öz nüfuz dairəsindən kənara buraxmamaqdır. Bu siyasət də 102-ci hərbi bazada öz təcəssümünü tapır”.

Siyasətçi hesab edir ki, Rusiyanın asanlıqla Gümrüdəki hərbi bazasından çıxması real görünmür:

“Ermənistan gərək elə bir səviyyədə Rusiyanı məmnun etsin və razı salsın ki, Rusiya həmin bazanı oradan çıxarsın. Xüsusilə nəzərə alsaq ki, Rusiyanın Ukrayna ilə, NATO və Avropa İttifaqı ilə qarşıdurması və eskalasiyası davam edir. Üstəlik, Yaxın Şərqdə, İran ətrafında gərginlik də artır. Bu baxımdan Rusiyanın bundan sonra həmin bazadan çıxacağı o qədər də ağlabatan görünmür. Ona görə Ermənistan regional ölkələrlə münasibətlərini də qaydaya salmalıdır ki, belə ciddi məsələlər gündəmə gələndə heç olmasa siyasi-diplomatik dəstək baxımından tamamilə tək qalmasın. Bu gün Ermənistan Avropa İttifaqı və Fransa ilə yaxınlaşaraq regional ölkələri də bəzən çətin vəziyyətdə qoyur. Məsələn, Avropa İttifaqı missiyasını dəvət edir, regional ölkələrin mövqeyini nəzərə almır və daha sonra çətin geosiyasi durumda müəyyən problemlərdən çıxış yolu axtarmağa çalışır".

Deputat vurğuladı ki, Ermənistan vaxtilə Rusiyanın forpostu kimi formalaşıb, Rusiyanın silahlı qüvvələri və hərbi bazası orada olub.

"İndi isə özünü Avropanın, Fransanın forpostu kimi təqdim etməyə çalışır. Digər tərəfdən, regional məsələlərə, xüsusilə Ermənistan-Azərbaycan sülh prosesi kontekstində yanaşsaq, təbii ki, həm Ermənistana, həm Azərbaycana, ümumiyyətlə, bütün regiona sərf edərdi ki, Cənubi Qafqazda xarici qüvvələrin, xarici ölkələrin qoşunlarının mövcudluğu olmasın və gələcəkdə heç bir təxribata yol verilməsin. Amma Ermənistanın bu məsələdə Rusiya ilə münasibətlərini və ümumiyyətlə, Cənubi Qafqazdakı vəziyyətini nəzərə alsaq, Ermənistanın Rusiya ilə bu məsələdə sona qədər eskalasiyaya gedəcəyinə və tələb dili ilə danışacağına inanmıram. Həmçinin Ermənistanla Rusiya arasında bu məsələnin xüsusi qarşıdurmaya səbəb olacağını da düşünmürəm. Çünki Rusiyanın Ermənistana kifayət qədər təsir imkanları var və 102-ci hərbi baza da Ermənistanın Rusiyanın təsir dairəsindən kənara çıxmaması üçün bir rıçaq, təsir vasitəsi rolunu oynayır”, - deyə T.Gəncəliyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən