“Azərbaycan İrəvanda üçüncü Zəfər tağını tikə bilərdi, amma bunu etmədi” - Hikmət Babaoğlu

 12:49 08.10.2026     160

Ermənistanla Rusiya arasında Gümrüdə yerləşən 102-ci hərbi baza ilə bağlı mübahisələr yenidən gündəmə gəlib. Moskva İrəvanın bazanın ölkədən çıxarılması məsələsində məsuliyyəti Rusiyanın üzərinə atmağa çalışdığını bildirir. Bu açıqlama iki ölkə arasında onsuz da gərgin olan münasibətlərin fonunda diqqət çəkir.

Bəs 102-ci hərbi bazanın taleyi ilə bağlı məsuliyyət həqiqətən Ermənistanın üzərinə qoyulmağa çalışılır, yoxsa Moskva mümkün çıxarılmanın siyasi məsuliyyətini indidən İrəvanın üzərinə atmaq istəyir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, 102-ci baza artıq Ermənistan ərazisində mövcud olmasına baxmayaraq, Ermənistan üçün hər hansı əhəmiyyətli təhlükəsizlik funksiyasını yerinə yetirmir:

“Ona görə də funksional baxımdan bu gün doğrudan da Ermənistanın Rusiya hərbi bazasına ehtiyacı yoxdur. Ancaq Ermənistanda bəzi radikallar və rusiyapərəstlər bu bazanı bir növ simvollaşdırıblar və Rusiya-Ermənistan münasibətlərinin simvolu hesab edirlər. Ona görə də bazanın Ermənistanın təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb etdiyini iddia edirlər”.

Siyasətçi əlavə etdi ki, 102 saylı hərbi bazanın Ermənistandan çıxarılması məsələsini Ermənistan gündəmə gətirməyib:

“Bunu Rusiya gündəmə gətirib. Paşinyan isə deyib ki, əgər Rusiya bu addımı atarsa, Ermənistan buna etiraz etməyəcək. Mənə elə gəlir ki, 102-ci baza ətrafında siyasi manipulyasiya mənbələri Rusiyadan gəlir. Burada iki məqsəd var. Birincisi, Ermənistan ictimai rəyini qorxudaraq “Əgər 102-ci baza çıxacaqsa, siz düşmənlərin arasında tək qalacaqsınız” mesajını verməkdir. “Düşmən” deyərkən isə Türkiyə və Azərbaycanı nəzərdə tuturlar. Beləliklə, özlərinin Ermənistanda olan radikal siyasi dairələrinə ictimai dəstək axtarırlar”.

Millət vəkilinin sözlərinə görə, Ermənistan cəmiyyətinin də böyük bir hissəsi artıq həqiqəti dərk edir ki, əgər doğrudan da Azərbaycan Ermənistan üçün təhdid olsaydı, 44 günlük müharibəni davam etdirərdi:

“Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, üçüncü Zəfər tağını İrəvanda tikə bilərdi. Ancaq Azərbaycan bunu etmədi. Ona görə də Ermənistanda daha çox insan inanır ki, nə Türkiyə, nə də Azərbaycan Ermənistan üçün təhdid deyil. Burada sadəcə 2026-cı ildən 2027-ci ilin yazına qədər belə məsələlərlə süni ajiotaj yaradaraq Ermənistanın siyasi gündəmini dəyişmək və Paşinyanın hakimiyyətini mümkün qədər daha çox laxlatmaq məqsədi güdülür”.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən