Azərbaycan Mərkəzi Asiya üçün niyə bu qədər vacibdir? – Naqif Həmzəyevdən AÇIQLAMA
“Azərbaycan Xəzərin qərb sahilində yerləşir və Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu oynaya bilər. Bakı limanı, dəmir yolları və Şərq-Qərb marşrutları Azərbaycanı bu iki bölgə arasında mühüm tranzit məntəqəsinə çevirir. İyulun 31-də Qırğızıstanda keçirilən qeyri-rəsmi görüşdə Çolpon-Ata Bəyannaməsi imzalanıb. Bu, əlaqələrin yalnız illik görüşlərlə məhdudlaşmadığını göstərir”.
Bunu Redaktor.az-a açıqlamasında deputat Naqif Həmzəyev bildirdi. O əlavə etdi ki, Türkmənistanla Azərbaycan uzun illərdir yaxın tərəfdaşdır.
“Aralarında 108 sənəd imzalanıb. 2026-cı ilin ilk səkkiz ayında tranzit yüklərin həcmi 2 milyon tonu keçib və ötən ilin eyni dövrü ilə müqayisədə 38 faiz artıb. Bu ilin iyununda Türkmənistan Prezidenti Bakıya dövlət səfəri edib, Azərbaycan isə Türkmənistana “Dostlug” adlı tanker hədiyyə edib. Xəzərdəki “Dostluq” yatağının birgə işlənməsi barədə də razılaşma var.
Azərbaycan Mərkəzi Asiyaya yalnız qonşu kimi baxmır, onunla ortaq nəqliyyat, ticarət və enerji yolları qurur. Türkmənbaşıda keçirilən Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə Prezident İlham Əliyevin çıxışı ilk növbədə bir faktı göstərdi: Azərbaycanın bu formatda üzvlüyü artıq praktik nəticələr verir. Azərbaycan ötən ilin noyabrında Məşvərətin tamhüquqlu üzvü olmuşdu. Dövlət başçısı həmin qərarın qəbul edilməsində Türkmənistanın təşəbbüsünün rolunu xüsusi vurğuladı. Bu, regionda qarşılıqlı etimadın və siyasi iradənin göstəricisidir.
Çıxışın ən diqqətçəkən tərəfi konkret göstəricilərdir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb. Ölkəmizdə bu regionun kapitalı ilə 400-dən çox şirkət fəaliyyət göstərir. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla yaradılan birgə investisiya fondlarının hər birinin kapitalı yüz milyonlarla dollarla ölçülür. Prezidentin çağırışı da məhz buna yönəlib: yalnız ticarətlə kifayətlənməmək, birlikdə investisiya qoymaq, istehsal etmək və xarici bazarlara çıxmaq.
Xəzər dənizi bu əməkdaşlığın birləşdirici halqasına çevrilir. Dəniz limanlarına, aeroportlara, dəmir və avtomobil yollarına yatırılan sərmayələr Mərkəzi Asiyanı Azərbaycan vasitəsilə beynəlxalq bazarlara bağlayır. Orta Dəhlizin göstəriciləri bunu təsdiqləyir: tranzit yükdaşımaların həcmi ötən il 10 faizdən çox, bu ilin ilk səkkiz ayında isə təxminən 20 faiz artıb. “Rəqəmsal İpək Yolu” layihəsi və Xəzərin dibi ilə fiber-optik xətlərin çəkilməsi isə əməkdaşlığı fiziki yüklərdən kənara çıxararaq rəqəmsal məkana daşıyır. Enerji sahəsində Türkmənistan və Qazaxıstan neftinin Azərbaycan üzərindən nəqli artır, Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizinin yaradılması istiqamətində iş aparılır”.
Millət vəkili nəzərə çatdırdı ki, çıxışın humanitar xətti də az əhəmiyyətli deyil:
“Füzulidə Türkmənistanın təşəbbüsü ilə inşa olunan məscid, Özbəkistanın Füzulidə, Qırğızıstanın isə Ağdamda tikdiyi məktəblər və Qazaxıstanın inşa etdiyi Uşaq Yaradıcılıq Mərkəzi azad olunmuş torpaqların bərpasında dostluğun real ifadəsidir. Türkmənistanla son bir ildə ən yüksək səviyyədə keçirilən beş səfər isə siyasi dialoqun intensivliyini göstərir.
Prezident çıxışını mühüm bir fikirlə yekunlaşdırdı: sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik bütün nailiyyətlərin təməlidir. Bu gün Azərbaycan və Mərkəzi Asiya ölkələri yalnız qonşu deyil, həm də ortaq nəqliyyat, enerji və investisiya məkanının iştirakçılarıdır. Türkmənbaşıda imzalanan sənədlər də bu əməkdaşlığın davam edəcəyini göstərir”.
NURİYYƏ













