"Azərbaycanla sülh artıq reallığa çevrilib" - Paşinyan

 15:44 09.10.2026     64

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxış edərək, Ermənistan və Azərbaycan arasında əldə olunan sülhün artıq reallığa çevrildiyini bəyan edib.

Redaktor.az xəbər verir ki, N.Paşinyan iki ölkə arasında hələ də həllini gözləyən məsələlərin - saxlanılan şəxslərin qaytarılması, itkin düşənlərin taleyinin müəyyənləşdirilməsi və ərazilərin minalardan təmizlənməsi kimi humanitar addımların mövcudluğunu diqqətə çatdırıb. Hər iki cəmiyyətdə zaman-zaman mənfi ritorikanın müşahidə olunduğunu etiraf edən baş nazir, bununla belə, formallaşan sülhün dayanıqlığının şübhə altına düşmədiyini vurğulayıb.

30 ildən artıq davam edən münaqişənin fəsadlarının aradan qaldırılmasının vaxt və ardıcıl səylər tələb etdiyini deyən Paşinyan bildirib: “Çoxlu sayda insan itkiləri və uzun illər davam edən düşmənçilikdən sonra dinc yanaşı yaşamağın mümkünsüzlüyünə dair formalaşmış yanaşmanı dəyişməyi bacardıq. Qazanılmış sülh həm Azərbaycan, həm də Ermənistan xalqlarının fundamental maraqlarına xidmət edir və regional əməkdaşlıq üçün tarixi zəmin yaradır”.

Nizamlanma prosesinin hüquqi əsaslarına toxunan Ermənistan rəhbəri 1991-ci il Alma-Ata Bəyannaməsinin prinsiplərinin bərpa edildiyini və keçmiş ittifaq respublikalarının inzibati sərhədlərinin dövlət sərhədləri kimi tanındığını xatırladıb. O, son iki ildən artıq müddətdə şərti sərhəddə itkilərin olmamasını sülhün ən mühüm göstəricisi kimi dəyərləndirib.

Baş nazir regional nəqliyyat-logistika dəhlizlərinin açılması prosesinə də toxunub. O, Azərbaycan Dəmir Yolları vasitəsilə Ermənistana aid yüklərin tranzitinin artıq bir ilə yakın müddətdir ki, mümkün olduğunu bildirib.

Növbəti mərhələdə TRIPP layihəsinin icrasının nəzərdə tutulduğunu deyən Paşinyan, bu təşəbbüsün dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası prinsiplərinə tam hörmət çərçivəsində reallaşacağını qeyd edib. Layihə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq logistika marşrutlarının, o cümlədən Fars körfəzi ilə Qara dənizi birləşdirən dəmir yolu xəttinin inteqrasiyasına, eləcə də MDB ölkələri üçün yeni tranzit imkanlarının yaranmasına xidmət edəcək.

Bundan əlavə, Ermənistan hökumətinin rəhbəri Ankara ilə aparılan dialoq çərçivəsində Ermənistan-Türkiyə sərhədinin və nəqliyyat kommunikasiyalarının açılmasının da gözlənildiyini ifadə edib.

Qeyd edək ki, MDB Dövlət Başçıları Şurasının növbəti iclası oktyabrın 8-9-da Türkmənbaşı şəhərində təşkil olunub.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən