“Prezident bir daha nümayiş etdirdi ki, Azərbaycan milli maraqlarını əsas tutur” - Jalə Əliyeva
“Prezident İlham Əliyevin MDB sammiti çərçivəsində çıxışlarını Azərbaycanın milli maraqlarını, regional təhlükəsizliyi və əməkdaşlığın yeni imkanlarını önə çıxaran ardıcıl və prinsipial siyasi mövqenin ifadəsi kimi qiymətləndirirəm. Dövlət başçısının çıxışlarında Azərbaycanın müstəqil xarici siyasət kursunun əsas prioritetləri aydın şəkildə ortaya qoyuldu. Prezident bir daha nümayiş etdirdi ki, Azərbaycan müxtəlif dövlətlərlə münasibətlərini qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və milli maraqlar əsasında qurur”.
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva bildirdi.
Millət vəkilinin sözlərinə görə, çıxışların mühüm cəhətlərindən biri Azərbaycanın regionda artan siyasi və iqtisadi rolunun vurğulanmasıdır:
“Bu gün Azərbaycan yalnız Cənubi Qafqazda deyil, daha geniş Avrasiya məkanında nəqliyyat, enerji, logistika və kommunikasiya layihələrinin reallaşdırılmasında mühüm tərəfdaş kimi çıxış edir. Prezidentin səsləndirdiyi fikirlər Azərbaycanın geostrateji mövqeyindən səmərəli istifadə etdiyini və ölkəmizin beynəlxalq münasibətlər sistemində çəkisinin getdikcə artdığını göstərir. Eyni zamanda, dövlət başçısının çıxışlarında regional sabitlik və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilməsi olduqca əhəmiyyətlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra bölgədə yeni reallıqlar yaranıb”.
Siyasətçi qeyd etdi ki, bu reallıqlar qarşılıqlı etimadın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və dayanıqlı sülhün təmin olunması üçün yeni imkanlar açır:
“İlham Əliyevin mövqeyi ondan ibarətdir ki, regional əməkdaşlıq siyasi qarşıdurmadan deyil, qarşılıqlı maraqlardan və praqmatik yanaşmadan qidalanmalıdır. MDB məkanında iqtisadi və humanitar əlaqələrin inkişaf etdirilməsi də Azərbaycanın maraqlarına tam uyğundur. Azərbaycanın təşəbbüskarlığı, etibarlı tərəfdaş imici və müxtəlif regional platformalar arasında əlaqələndirici rolunun güclənməsi ölkəmizin diplomatik imkanlarını daha da genişləndirir.
Ümumilikdə, Prezident İlham Əliyevin MDB sammitindəki çıxışları Azərbaycanın müstəqil, praqmatik və milli maraqlara əsaslanan xarici siyasətinin növbəti təsdiqidir. Bu çıxışlar göstərdi ki, Azərbaycan dəyişən geosiyasi reallıqlar fonunda öz mövqeyini inamla qoruyur, tərəfdaşlıq imkanlarını genişləndirir və regional proseslərin fəal iştirakçısı olmaqla yanaşı, onların formalaşmasına da ciddi təsir göstərir”.
Xədicə BAXIŞLI













