Kamboca niyə Azərbaycana maraq göstərir? - SƏBƏB

 14:19 12.10.2026     132

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə məhdud tərkibdə görüşü olub. Görüş zamanı bir sıra məsələlər müzakirə olunub.

Kamboca ilə Azərbaycan arasında hansı əməkdaşlıq imkanları var?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Xəyal Bəşirov bildirdi ki, bu, Kamboca tərəfindən dövlət və hökumət başçısı səviyyəsində Azərbaycana həyata keçirilən ilk səfərdir:

“Azərbaycanla Kamboca arasında ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra, 1994-cü ildə diplomatik əlaqələr qurulub. Amma bilirik ki, Azərbaycan Kambocadan coğrafi baxımdan xeyli uzaqda yerləşir. Azərbaycan Avropa ilə Asiyanın qovuşduğu nöqtədə, Cənubi Qafqazda, Kamboca isə Cənub-Şərqi Asiyada yerləşir. Bütün bunlara baxmayaraq, Azərbaycan dünya dövlətləri ilə həm spesifik, yəni daha uğurlu əməkdaşlıq imkanlarının olduğu sahələrdə, həm də universal istiqamətlərdə dövlətlərarası münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu həmişə nümayiş etdirib. Hesab edirəm ki, Kambocanın Azərbaycana diqqətinin artmasının əsas səbəblərindən biri İkinci Qarabağ müharibəsindən sonra baş verən proseslərlə əlaqədardır.

Cənub-Şərqi Asiyanın digər dövlətləri ilə yanaşı, Kambocanın da Azərbaycana marağının artması və coğrafi baxımdan ölkəmizdən xeyli uzaqda yerləşməsinə baxmayaraq, bu prosesdə iştirak etməsi Azərbaycan üçün önəm kəsb edir. Nə qədər çox dövlətlə əməkdaşlıq qurur, münasibətlərimizi inkişaf etdiririksə və bunu milli maraqlarımız çərçivəsində həyata keçiririksə, bu, Azərbaycan dövlətinin mənafelərinə və xalqımızın maraqlarına bir o qədər uyğun olur. Belə əməkdaşlıqdan müsbət töhfələr əldə edirik. Kambocanın Azərbaycana diqqətini göstərən bir neçə məqamı da qeyd etmək istərdim. 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Konfransı – COP29 Azərbaycanda keçirilərkən Kamboca tədbirdə yüksək səviyyədə təmsil olunurdu. Ölkəni həmin tədbirdə Baş nazirin müavini, ətraf mühit naziri və parlament üzvü təmsil edirdi. Bu da bizim üçün əhəmiyyətli idi. Azərbaycan dünya səviyyəli, mötəbər tədbirə ev sahibliyi edirdi və Kamboca da bir çox dövlətlərlə yanaşı, həmin tədbirdə yüksək səviyyədə iştirak edirdi".

Müsahibimiz həmçinin əlavə etdi ki, bu ilin əvvəlində BMT-nin Ümumdünya Şəhərsalma Forumu – WUF13 keçirilib. Həmin tədbirdə də Kambocanın Baş nazirinin müavini iştirak edib. İndi isə artıq Kamboca Krallığının Baş naziri Azərbaycana səfər edib və Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimində iştirak edib.

“Təbii ki, iki ölkə arasında həm məhdud, həm də geniş tərkibdə görüşlərin keçirilməsi gözlənilir. Bununla bağlı dövlətin müvafiq qurumları ətraflı məlumat verəcəklər. Düşünürəm ki, səfər çərçivəsində bir sıra mühüm razılaşmaların əldə olunmasının da şahidi ola bilərik. Hesab edirəm ki, Azərbaycanla Kamboca arasında bir sıra istiqamətlərdə əməkdaşlığın gücləndirilməsi mümkündür. Azərbaycan şəhərsalma sahəsində öz təcrübəsini Kamboca ilə bölüşə bilər. Eyni zamanda, regional təhlükəsizlik, təhsil, elm, mədəniyyət və turizm sahələrində münasibətlərin inkişaf etdirilməsi istiqamətində addımlar atıla bilər. Nəzərə alaq ki, Kamboca da kifayət qədər mürəkkəb regionda yerləşir. Azərbaycanın hərbi sahədə əldə etdiyi uğurlar və tarixi Zəfər təcrübəsi Kamboca üçün maraq doğura bilər. Düşünürəm ki, bu məsələlər tərəflər arasında müzakirə edilə biləcək mövzulardan biridir.

Eyni zamanda, nəzərə almalıyıq ki, Kamboca Cənub-Şərqi Asiyada yerləşir və məhsullarını okean vasitəsilə daşımaq imkanına malikdir. Bununla belə, Orta Dəhlizin imkanlarını da nəzərə alsaq, Şərqi və Cənub-Şərqi Asiya ölkələrinin məhsullarının Cənubi Qafqaz üzərindən Avropaya və dünya bazarlarına çatdırılması baxımından əməkdaşlıq imkanları mövcuddur. Kamboca da bu marşrutdan istifadə etməkdə maraqlı ola bilər. Gələcəkdə Kambocadan müxtəlif məhsulların daşınması, eləcə də Avropadan və digər Asiya ölkələrindən məhsulların Cənub-Şərqi Asiyaya, o cümlədən Kambocaya çatdırılması istiqamətində əməkdaşlığın genişləndirilməsinin şahidi ola bilərik. Düşünürəm ki, bu məsələlər ətrafında əməkdaşlığın inkişaf etdirilməsi və ikitərəfli münasibətlərin gücləndirilməsi imkanları müzakirə oluna bilər. Azərbaycan Prezidenti ilə Kamboca hökumətinin başçısı arasında bu istiqamətlərdə aparılan müzakirələrlə bağlı da yəqin ki, ətraflı məlumat əldə edəcəyik”, - deyə şərhçi yekunlaşdırdı.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən