“İran Azərbaycanda yeni Nardaran mühiti yaratmağa çalışır” - Deputat

 15:47 12.10.2026     226

“İran uzun illərdir Azərbaycanda ideoloji təhlükəsizliyimizi, xüsusilə də dini-ideoloji təhlükəsizliyimizi təhdid edir. Hazırda Azərbaycanın imkanlarının genişlənməsi, gücünün artması və ərazi bütövlüyünü bərpa etməsi İranda mənfi reaksiyalara səbəb olub. Buna görə də İran Qarabağ müharibəsi zamanı, 44 günlük Zəfər tariximizdə və 2023-cü ilə qədər davam edən dövrdə Azərbaycanda etnik separatçılığı dəstəkləyib, Qarabağa terrorçular göndərib, ölkəmizin ərazi bütövlüyünün və suveren hüquqlarının bərpasına qarşı müxtəlif təxribatlara əl atıb”.

Bu fikirləri Redaktor.az-a açıqlamasında deputat Hikmət Babaoğlu səsləndirdi.

O əlavə etdi ki, bunun səbəbi İranın güclənmiş Azərbaycanı bu ölkədə yaşayan 35 milyon azərbaycanlı üçün cazibə mərkəzi kimi görməsidir:

“Azərbaycanda dinimizin inkişafı, mədəniyyətimizin qorunması və daha da zənginləşdirilməsi İranda yaşayan azərbaycanlılarda da öz hüquqlarını tələb etmək istəyini gücləndirir. Buna görə də İran güclü Azərbaycanı özünə təhdid hesab edir və ölkəmizin inkişafının İranda yaşayan azərbaycanlıları öz hüquqları uğrunda mübarizəyə ruhlandıra biləcəyini düşünür. Bu səbəbdən İran fars şovinizmini din adı altında azərbaycanlı uşaqların və gənclərin şüuruna yeritməyə, onları özünə itaətkar təbəqəyə çevirməyə çalışır. Məqsəd azərbaycanlıların həqiqi İslamdan uzaq qalması, din və İslamla bağlı düşüncələrinin İranın ölkəmizə ixrac etdiyi fars şovinizmi psixologiyası əsasında formalaşmasıdır.

Azərbaycan xalqı bu vəziyyətin fərqindədir və öz mövqeyini qətiyyətlə ortaya qoyur. Azərbaycanlı möminlər, dindarlar və bütövlükdə xalqımız İranın bu mövqeyinə qarşıdır. Buna görə də İran Azərbaycanda istədiyi nəticəni əldə edə bilmir. İndi isə sosial şəbəkələr vasitəsilə ölkəmizdə yeni bir Nardaran mühiti formalaşdırmağa çalışır. Lakin buna da nail ola bilmir. Çünki Azərbaycan xalqı savadlıdır və İranın fars şovinizmini din adı altında ölkəmizdə təbliğ etməsinə əsla yol verməyəcək”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən