Kadırov Bakıya nə üçün gəlmişdi? - AÇIQLAMA
Oktyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib.
Bu səfər Azərbaycan-Rusiya münasibətləri baxımından hansı siyasi əhəmiyyət daşayır?
Redaktor.az-a danışan "Müasir İnkişaf" İctimai Birliyinin sədri, crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü səfəri müsbət qiymətləndirir:

"Çeçenistanın hökumət başçısı Ramzan Kadırov 2012-ci ildə də Azərbaycana səfər edib. O zaman da cənab prezidentlə görüşmüşdü. İndi yenidən onun səfərini və cənab prezidentlə görüşünün xəbərini izlədik. Hesab edirəm ki, bu səfər Azərbaycan-Rusiya münasibətlərinin, həm Rusiya Federasiyasının Çeçenistan Respublikası ilə Azərbaycan arasında münasibətlərin inkişafı baxımından önəmli bir səfər, önəmli bir prosesdir. Azərbaycanın istər Rusiya Federasiyası ilə, istər onun bu cür subyektləri ilə çox sıx münasibətləri var. Xüsusən, biz xatırlayırıq ki, təyyarə faciəsindən sonra Azərbaycanla Rusiya arasında və Qroznı səmasında hadisə baş verdiyinə görə elə Çeçenistanla da müəyyən narahatlıqlar var idi. Azərbaycan çox sərt şəkildə öz narazılığını və baş verən hadisədə günahkarların cəzalandırılması kimi tələbləri irəli sürmüşdü. Ondan sonra istər Rusiya rəhbərliyi, istər Çeçenistan rəhbərliyi müəyyən addımlar atdılar. Ali siyasi rəhbərliklərin də görüşləri keçirildi. Bu mövzu gündəmdən düşmədi, Azərbaycan bu mövzunu gündəmdən düşməyə qoymadı. İndi Çeçenistan Respublikasının başçısının səfərində bütün o narahatlıqlar da yəqin ki, diqqət mərkəzində olub. Bundan sonra əlaqələrin inkişafı məsələləri də diqqətdə olub və hesab edirəm ki, bu səfər həm də Azərbaycan-Rusiya siyasi münasibətlərinin daha da inkişafına müsbət təsir edəcək bir addımdır".
Aytəkin TOFİQQIZI













