Hicab müzakirələrinin arxasında nə dayanır? - Deputatdan İranla bağlı sərt AÇIQLAMA

 17:03 12.10.2026     182

“İranın şovinist dairələri uzun illərdir Azərbaycanda təxribatlar törətməyə, insanları qarşı-qarşıya qoymağa və Azərbaycanın uğurlarına kölgə salmağa çalışırlar. Vətən müharibəsindəki qələbəmizdən sonra bu cəhdlərin sayı xeyli artıb. Çünki İranın millətçi rəsmiləri qələbəmizi həzm edə bilmirlər. Azərbaycanın Cənubi Qafqazda güclənməsini istəmirlər və davamlı olaraq təsir mexanizmi kimi təxribatlara, qarşıdurmalara, böhtanlara və yalan məlumatlara əl atırlar”.

Bu fikirləri Redaktor.az-a açıqlamasında deputat Tahir Rzayev bildirdi. O əlavə etdi ki, son günlər baş verən hadisələr bunu bir daha göstərir:

“Bu gün hicab məsələsini gündəmə gətirən və müəyyən dairələri qızışdıran da İran rəsmiləri və onların nümayəndələrinin bəyanatlarıdır. Bu məsələ İslamın təhqir edilməsi, İslam dəyərlərinə hörmətsizlik kimi təqdim olunur. Əslində isə vəziyyət belə deyil. Bu gün məktəblərdə vahid geyim formasının tətbiqi, nizam-intizamın təmin edilməsi, şagird geyimlərinin məktəbin qaydalarına və təhsil mühitinə uyğunlaşdırılması dövlətin də, xalqın da istəyidir. Şagirdlər bir-birindən geyimlərinə görə fərqlənməməli, geyimlərinə görə utanmamalı və özlərini sərbəst hiss etməlidirlər. Məktəbdə ilk növbədə təlim-tərbiyə, elm və qaydalara riayət olunması vacibdir. Çünki məktəb gələcək üçün ləyaqətli vətəndaşlar yetişdirir, elmli və savadlı insanların formalaşmasına xidmət edir.

Təəssüf ki, bu gün məsələ əxlaq və din pərdəsi altında şüara çevrilib və müəyyən dairələrin təsiri ilə qarşıdurma yaratmaq məqsədinə xidmət edir. Heç bir dövlət Azərbaycanın daxili işlərinə müdaxilə edə bilməz. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycan müstəqil siyasət yürüdür. Bu siyasət sülhə, demokratiyaya, tolerantlığa və insan hüquqlarına əsaslanır. Yolumuz və məqsədimiz aydındır. Biz heç bir ölkənin daxili işlərinə qarışmadığımız kimi, başqa dövlətlərin də Azərbaycanın daxili işlərinə müdaxilə etməsinə imkan verməyəcəyik. Təəssüf ki, Azərbaycan İranla münasibətləri daim yaxşılaşdırmağa çalışsa da, müəyyən dairələr bu münasibətlərə kölgə salmağa cəhd göstərirlər. Saxta bəyanatlar yayır, reallığı əks etdirməyən fikirlər və mülahizələr ortaya qoyur, dindən təsir vasitəsi kimi istifadə edirlər. Bu, qəbuledilməzdir. Azərbaycan dövləti və hüquq-mühafizə orqanları belə hallara qarşı mübarizə aparır və bu mübarizə ardıcıl şəkildə davam etdirilməlidir”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən