"Qumda konfrans keçirdilər, sonra Azərbaycanda kampaniya başladı” - İranla bağlı sərt AÇIQLAMA
"Baş verən proseslərdə İranın izinin aydın göründüyünü düşünürəm. Bunu hadisələrin inkişafı və gedişatı əsasında da qiymətləndirmək olar. Azərbaycanda məktəblərdə vahid geyim formasının tətbiqi hicaba qadağa qoyulması demək deyil. Lakin bu məsələ xüsusilə İran şəbəkəsi tərəfindən hicab qadağası kimi təqdim edildi və geniş kampaniyaya çevrildi".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Asif Nərimanlı bildirdi.
Onun sözlərinə görə, bu proses aktiv şəkildə sentyabrın 30-da başladı:
"Həmin gün Qum şəhərində Azərbaycanda hicabın qadağan edildiyi iddiası ilə konfrans keçirildi. Azərbaycanlı ruhanilərin və tələbələrin iştirakı ilə təşkil olunan həmin tədbirdə müxtəlif çağırışlar səsləndirildi və Azərbaycanda guya hicabın ümumiyyətlə qadağan olunduğu iddia edildi. Daha sonra sosial şəbəkələrdə İrana bağlı olduğunu düşündüyümüz profillər vasitəsilə paylaşımlar edilməyə başlandı. Bu profillərin fəaliyyətindən onların hansı mövqedə dayandığını müəyyən qədər görmək mümkündür. Bundan başqa, Nardaran hadisələri və İranla bağlı məsələlərdə daim İranı müdafiə edən şəxslər də bu prosesdə fəallıq göstərirdilər. Həmin profillər vasitəsilə məktəblərdə hicabın qadağan edildiyi iddia olunur, bu məktəblərin siyahısının və onlarla bağlı məlumatların göndərilməsi istənilirdi.
Qumda keçirilən konfransdan sonra Azərbaycanda hicabın qadağan edildiyi barədə aktiv kampaniya başladıldı. Bu kampaniya çərçivəsində məktəb direktorlarının məlumatları da yayılmağa, həmin şəxslər hədəf kimi göstərilməyə başladı. Qeyd edim ki, məktəb direktorlarının siyahısı İrana bağlı olduğu bildirilən Müsəlman Birliyi Hərəkatının Avropa nümayəndəliyi tərəfindən yayılmışdı. Bu da diqqətçəkən məqamlardan biridir. Bütün bu proseslər göstərir ki, məktəblərdə vahid geyim formasının tətbiqinin hicab qadağası kimi təqdim edilməsi, məktəb direktorlarının siyahılarının hazırlanması, onların hədəfə çevrilməsi və məsələnin geniş kampaniyaya çevrilməsi Qumda keçirilən konfransdan sonra daha aktiv mərhələyə keçib. Bu ardıcıllıq prosesin arxasında İranın dayandığını düşünməyə əsas verir".

Siyasi şərhçi əlavə etdi ki, İran məktəblərdə vahid geyim forması məsələsindən hicab qadağası iddiası üzərindən təxribat məqsədilə istifadə etdi:
"Artıq məktəblərə qarşı həyata keçirilən hücumlar da müəyyən suallar doğurur. Bu hücumlarda istifadə edilən ssenarilər və metodlar tanış görünür. Çünki vaxtilə Nardaran hadisələri zamanı da oxşar üsullardan istifadə olunurdu. Gəncədə və digər ərazilərdə baş verən hadisələrdə də bənzər metodologiyanın tətbiq olunduğunu görmüşük. Məsələn, Qaradağda məktəb direktorlarından birinin avtomobilinin yandırıldığı barədə məlumat var. Vaxtilə Nardaranda da polis avtomobilləri yandırılmışdı. Bu oxşarlıqların araşdırılmasına ehtiyac var. Mən hesab edirəm ki, belə təxribat ssenariləri İran şəbəkəsinin fəaliyyət üsulları ilə əlaqələndirilə bilər".
O həmçinin vurğuladı ki, bütün bu məqamları birlikdə nəzərdən keçirdikdə, hadisələrin arxasında İran rejiminin dayandığını düşünmək üçün əsasların olduğunu deyə bilərik:
"Ümumiyyətlə, hicab məsələsindən İran tərəfindən Azərbaycana qarşı dəfələrlə istifadə edildiyini düşünürəm. Burada ən narahatedici məqam isə məktəblərin və azyaşlı uşaqların bu prosesə cəlb olunmasıdır. Görünən odur ki, bu kampaniyanı təşkil edənlər uşaqların yaşını və onların psixoloji cəhətdən yaşaya biləcəkləri travmaları nəzərə almırlar. Onlar üçün əsas məqsəd dini-ideoloji təxribatları həyata keçirməkdir və bu məqsədlə məktəblilərdən, azyaşlılardan istifadə olunur. Bütün bunlar bir daha göstərir ki, baş verən proseslərdə İran amili daha aydın şəkildə nəzərə çarpır".
NURİYYƏ













