Elman Nəsirov İranın Azərbaycana qarşı təxribatlarından danışdı “Gənclərimizin beynini yumağa çalışırlar”

 17:30 12.10.2026     88

“Bu gün ayrı-ayrı beynəlxalq və Azərbaycan dairələrinin fəallaşdığını, ölkəmizin daxili işlərinə qarışmaq istədiklərini müşahidə edirik. Belə təhdidlərin mövcudluğu barədə ölkə Prezidenti cənab İlham Əliyev oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının qurultayında xəbərdarlıq etmiş və söyləmişdir ki, ölkəmizə daxildən təhdidlər yoxdur, təhdidlər sərhədlərimizin hüdudlarından kənardan gəlir və iki istiqamətlidir”.

Bu sözləri Redaktor.az-a açıqlamasında deputat Elman Nəsirov bildirdi.

O vurğuladı ki, bu təhdidlər iki istiqamətlidir: fiziki və ideoloji təhdidlər.

“Fiziki təhdidlərlə bağlı söyləmişdir ki, heç bir təhlükə yoxdur, sərhədlərimiz möhkəmdir və biz onu müasir texnologiyalarla daha da möhkəmləndirmişik. Amma ideoloji təxribatlar sərhəd tanımır, cəmiyyətin sərhədlərinə sızır. Xüsusilə indiki zamanda, internet əsrində, kiberhücumların geniş yayıldığı və süni intellektin mövcud olduğu reallıqda bu cür təxribatları həyata keçirmək üçün çox münbit şərait var.

Təxribatların məqsədi Azərbaycanda səfərbər olmuş cəmiyyəti, vətəndaş həmrəyliyini pozmaq, vətəndaş itaətsizliyinə meyil yaratmaqdır. Onların Azərbaycandakı sabitliklə barışmaq istəmədikləri aydındır. Bu məqsədlə gənclərin də beynini yumağa çalışırlar. Yəni bizi asılı vəziyyətə salmaq, idarə etmək istəyirlər. Onların çirkin niyyətləri bəllidir və bu bəlalara, təhdidlərə qarşı güclü immunitetimiz olmalıdır.

İlk növbədə, bu, təhsildən başlayır. Yəni təhsilli, elmli, bilikli və savadlı gənclər yetişməlidir. Təhsilin güclü olduğu cəmiyyətdə belə təxribatların qarşısı alınır. Çünki təhsilli, elmli və bilikli insanların beynini yumaq mümkün olmur.

İkincisi isə vətənpərvərlikdir. Savadlı gənc həm də vətənpərvər olanda ona qarşı yönələn bu təxribatlar heç bir nəticə vermir.

Bax, indi də dini pərdə altında təxribatlar törətməyə çalışırlar. Dövlətimiz dünyəvi dövlətdir, təhsilimiz də dünyəvi xarakter daşıyır. Konstitusiyamızın 18-ci maddəsində qeyd olunur ki, din dövlətdən ayrıdır və dövlət təhsil müəssisələrində təhsil dünyəvi xarakter daşıyır.

Bu reallıqda baş örtüyü məsələsini siyasiləşdirərək onu dinə qarşı qoymağa, cəmiyyətdə nifaq toxumu səpməyə çalışırlar. Bu, qəbuledilməzdir. Bir daha vurğulayıram ki, Azərbaycan İslam dininə böyük hörmətlə yanaşan, onun qorunması istiqamətində ciddi addımlar atan bir dövlətdir və ölkəmizdə 2389 məscid var”.

Deputat nəzərə çatdırdı ki, ölkə Prezidenti cənab İlham Əliyevin torpaqlarımızın işğaldan azad olunmasından sonra ilk bərpa etdirdiyi abidənin Cəbrayıl rayonundakı tarixi məscid olması hər kəsə bəllidir.

“İşğaldan azad olunmuş rayonlarımızda bütün məscidlərin bərpası istiqamətində işlər görülür. Həmin ərazilərdə 67 məscid var idi, onlardan 65-ni ermənilər tamamilə dağıtmışdılar.

Belə bir vəziyyətdə Azərbaycanı İslam dəyərlərinə hörmətsizlikdə ittiham etməyin nə qədər qərəzli olduğu hər kəsə bəllidir. Cənab Prezident 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etmişdi. IV İslam Həmrəyliyi Oyunları Azərbaycanda keçirilmişdi. Gəncə şəhərində də İslam Həmrəyliyi şüarı altında tədbirlər keçirilmişdir. Azərbaycan müsəlman birliyinin qorunub saxlanılmasına böyük töhfələr verən dövlətdir.

Amma biz İslam dövləti deyilik, müsəlman ölkəsiyik və məktəbimiz də dünyəvidir. Kim xüsusi baş örtüklərindən istifadə etmək istəyirsə, bunu məktəbdən kənarda edə bilər. Biz qanunlara hörmətlə yanaşmalıyıq.

Xüsusilə gənclərimizə bir daha səslənirəm: bütün bu təxribatlara “yox” deyək, yumruq kimi birləşək, milli-mənəvi və ümumbəşəri dəyərlərimizi birlikdə qoruyaq”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən