“SEPAH Azərbaycanda təxribat və terror törətməyə çalışır” - Elman Məmmədov

 17:53 12.10.2026     183

"Azərbaycanda müvafiq qərar qəbul olunub. Məktəblərdə məktəblilər vahid məktəbli formasında olmalıdırlar. Yəni burada vahid məktəbli formalarının nümunələri də göstərilir. Məktəb yaşında olan balalarımız da məktəbə həmin məktəbli formasında gedirlər. İndi müəyyən məqsəd güdən bir qrup insan var. Təbii ki, bunlar fikri istiqamətdən yayındırmaq üçün elə şayiələr yayırlar ki, guya Azərbaycanda hicab, baş örtüyü qadağan olunur. Qətiyyən belə bir şey yoxdur. Baş örtüyü, hicab qadağan olunmur. Hamı azaddır, kim necə istəsə, istifadə edə bilər. Sadəcə olaraq, burada məktəbli formasından, məktəbli geyimindən söhbət gedir. Məktəbdə hamı eyni formada olmalı, geyim baxımından bir-birindən fərqlənməməlidir. Bu, təhsilimizin keyfiyyətinə müsbət təsir göstərir".

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov dedi.

Millət vəkili vurğuladı ki, cəmiyyətdə hamı eyni vəziyyətdə yaşamır:

"Hamının maddi durumu eyni səviyyədə deyil. Kasıb ailələr var, orta səviyyəli ailələr var, daha imkanlı, varlı ailələr var və uşaqlar da müxtəlif geyimlərdə gəlirlər: biri ucuz geyimlə gəlir, ucuz ayaqqabı geyinir, o birisi bahalı ayaqqabı geyinir, biri məktəbə yaraşmayan forma geyinir, digəri başqa cür geyinir. Bu da təhsildə diqqəti yayındırır. Uşaqlarımız arasında müəyyən problemlər də yaranır. Buna görə məqsədəuyğun olan budur ki, məktəbdə bütün şagirdlər eyni formada olsunlar. Bu, nə Azərbaycanda dinə qarşı çıxmaqdır, nə də hicaba qarşı çıxmaqdır. Qətiyyən belə deyil. Kimsə evində, küçədə, başqa yerlərə gedəndə hicab bağlaya bilər, yəni heç kim bunu qadağan etmir. Ancaq məktəbə gələndə həm təhsil alanlar, həm də təhsil verənlər məktəbli formasında olmalıdırlar".

Onun sözlərinə görə, İran həmişə olduğu kimi, yenə də bizim daxili işlərimizə qarışmağa davam edir:

"Az öncə bir məlumat oxudum ki, İranın SEPAH qurumunun Azərbaycanda təxribat və terror törətmək cəhdləri var. Bu, ilk dəfə deyil. Hesab edirəm ki, bu məsələdə xüsusi tapşırıq almış adamlar, bəlkə də, qurumlar var. Onlar canfəşanlıq edib gərginlik yaratmaq istəyirlər. Baxıram ki, bir qrup insan məktəbə hücum edir, pəncərələri sındırır. Müxtəlif şüarlar səsləndirilir. Hesab edirəm ki, bu, dövlətə qarşı yönəlmiş addımlardır. Məsələ təkcə bu məktəbli forması ilə bağlı deyil. Belə deyək, artıq xoruzun quyruğu görünür ki, məqsəd nə imiş: Azərbaycanda gərginlik və qarşıdurma yaratmaq, dövlətimizin bu gün malik olduğu hörməti, nüfuzu ləkələmək, daxili işlərə müdaxilə etmək. Təbii ki, bunun qarşısı dövlətimizin müvafiq qurumları tərəfindən qətiyyətlə alınmalıdır və alınacaq da. Cənab Prezidentimizin YAP-ın VIII Qurultayında söylədiyi nitqində də bu məsələyə toxunulub: ideoloji sahədə təxribatlar törədilir və belə cəhdlər gözlənilir, biz buna qarşı ayıq olmalıyıq. Dövlət özünün qanuni imkanlarından istifadə edərək bu təxribatların qarşısını alacaq. Azərbaycanda hicabı bəhanə edib öz yaramaz məqsədlərini həyata keçirmək üçün fəaliyyət göstərən kimlər varsa, onlar dövlət qanunları çərçivəsində yerində oturdulacaq və lazımi tədbirlər görüləcək".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən