"İran Azərbaycanın daxili işlərinə qarışmamalıdır" - Deputatdan təxribatlara sərt REAKSİYA

 21:48 12.10.2026     208

“Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın daxili işlərinə heç kim qarışmamalıdır və hər kəs öz ölkəsinin daxili məsələləri ilə məşğul olmalıdır. Bu gün Azərbaycan müstəqil siyasət həyata keçirir. Azərbaycan xalqının özünəməxsus həyat tərzi var və bu həyat tərzi tarixin süzgəcindən keçərək bizə gəlib çatan bir ənənədir”.

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov İranın Azərbaycana qarşı təxribatlarına münasibət bildirərkən dedi.

Müsahibimiz əlavə etdi ki, Azərbaycan İranla münasibətləri inkişaf etdirməkdə maraqlıdır:

“Biz İranla münasibətləri qorumaq istəyirik, amma eyni zamanda, İran da Azərbaycanın daxili işlərinə qarışmamalı və təxribatların baş verməsinə imkan verməməlidir. Təəssüf ki, İranda bir sıra dairələr əlaqələrimizin inkişafına mane olmağa çalışır. Bu cür məsələlərə ciddi şəkildə son qoyulmalı və qətiyyən təxribatlara yol verilməməlidir. Hər kəs çalışmalıdır ki, bu məsələdə üzərinə düşən vəzifəni yerinə yetirsin. Atılan hər hansı addım, edilən hər hansı cəhd yalnız və yalnız münasibətləri zəiflədəcək.

Bizim öz daxili işlərimiz, öz həyat tərzimiz və öz missiyamız var. Bu missiyanı yerinə yetirməli, belə məsələlərdə diqqətli olmalıyıq. Azərbaycan heç kimə ölkənin daxili işlərinə qarışmağa imkan verməyəcək. Bunu hər kəs bilməli və nəzərə almalıdır. Bir daha qeyd edirəm ki, Azərbaycan müstəqil dövlətdir və bu gün olduğu kimi, gələcəkdə də müstəqil dövlət olaraq qalacaq”.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən