“Dini və casus şəbəkələri fəallaşıb” - İran Azərbaycanda niyə təxribatlara əl atır?

 22:05 12.10.2026     157

“1990-cı illərdən başlayaraq İran Azərbaycana qarşı təxribatlar törədib və çox təəssüf ki, bu proses davam edir. Hələ 1990-cı illərdə Azərbaycanda həm casus şəbəkəsi yaradılmışdı, həm də dindarlar vasitəsilə sərhədyanı rayonlarımızda və digər ərazilərimizdə ciddi iş aparılırdı. Azərbaycanın təhlükəsizlik orqanları bunun qarşısını almaq üçün çox ciddi tədbirlər görmək məcburiyyətində qaldılar. İranı narahat edən məsələ isə Azərbaycanın müstəqil siyasətidir. İran bunu qəbul etmək istəmir. Azərbaycanın Türkiyə və İsraillə münasibətləri də İranda ciddi narahatlıq doğurur”.

Bu fikirləri Redaktor.az-a açıqlamasında Alyans Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Abutalıb Səmədov səsləndirdi.

“Son illərdə Zəngəzur dəhlizi ilə bağlı İran Azərbaycana qarşı çox kəskin mövqe ortaya qoyur, hətta Azərbaycanı müharibə ilə də hədələyib. Çox təəssüf ki, biz bunun da şahidi olduq. Əlavə olaraq, həm dini şəbəkə, həm də casus şəbəkəsi Azərbaycanda ciddi şəkildə fəallaşıb və müxtəlif təxribatlar törədir. Bunun qarşısı vaxtında alınır və şübhə yoxdur ki, bundan sonra da alınacaq. Eyni zamanda, İrana bağlı müəyyən qruplaşmalar terror aktları da törədiblər. İlk terror aktı da bu qruplaşmalar tərəfindən törədilib", - deyə o xatırlatdı.

Politoloq qeyd etdi ki, İranın Azərbaycana qarşı apardığı informasiya təxribatı da göz qabağındadır.

“İrana bağlı müəyyən kanallar və kütləvi informasiya vasitələri Azərbaycana qarşı şər-böhtan kampaniyası aparırlar. Çox təəssüf ki, bu, ciddi narahatlıq doğurur. Azərbaycana qarşı yönəlmiş təxribatların qarşısını almaq üçün ilk növbədə təhlükəsizlik orqanları qətiyyətli təhlükəsizlik siyasəti həyata keçirirlər. Fasiləsiz olaraq bizə qarşı yönələn dezinformasiya və dini təsir kampaniyalarına qarşı əhalinin məlumatlandırılması istiqamətində də müəyyən işlər görülür. Dövlət qurumları həm diplomatik sahədə vaxtında zəruri addımlar atır, həm də Azərbaycanın iqtisadi maraqlarının qorunması istiqamətində qətiyyətli mövqe nümayiş etdirirlər. Bütün bu işlər bundan sonra da mütləq davam etdirilməlidir”, - deyə müsahibimiz vurğuladı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən