"Azərbaycan sizin daxili müzakirə meydanınız deyil!" - Deputatdan Türkiyəyə MESAJ
"Son günlər Türkiyənin bəzi siyasətçilərinin və ayrı-ayrı media resurslarının Azərbaycanın daxili ictimai-siyasi məsələləri ilə bağlı səsləndirdiyi fikirlər və yaydığı materiallar ölkə ictimaiyyətində əsaslı narazılıq yaradıb".
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirdi.
Deputat qeyd etdi ki, Azərbaycan-Türkiyə münasibətləri qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə əsaslanan xüsusi dövlətlərarası münasibətlər sistemidir:
"Lakin müttəfiqlik heç bir halda digər dövlətin suveren qərarvermə səlahiyyətinə və daxili yurisdiksiyasına müdaxilə üçün siyasi əsas yarada bilməz. Azərbaycan müstəqil, suveren və dünyəvi dövlətdir. Ölkəmizin konstitusion quruluşu, dövlət-din münasibətləri, təhsil siyasəti və digər daxili məsələləri Azərbaycan Respublikasının Konstitusiyası, milli qanunvericilik və səlahiyyətli dövlət institutlarının qərarları əsasında müəyyən edilir. Bu, dövlət suverenliyinin fundamental elementidir".
Aydın Hüseynovun sözlərinə görə, Türkiyənin bəzi siyasi və media dairələrində Azərbaycanla bağlı faktoloji əsaslandırması zəif, birtərəfli və qərəzli yanaşmaların yayılması iki ölkə arasındakı münasibətlərin mahiyyəti barədə ictimai rəydə yanlış təsəvvürlər formalaşdıra bilər:
"Xüsusilə Azərbaycanın təhsil siyasəti çərçivəsində qəbul olunmuş hüquqi və inzibati qərarların kontekstdən çıxarılaraq dini qarşıdurma müstəvisinə keçirilməsi məsuliyyətli siyasi və informasiya davranışı hesab edilə bilməz. Dövlət ümumi təhsil müəssisələrində tətbiq olunan qaydaların "dinə qarşı siyasət" kimi təqdim edilməsi qərarların hüquqi mahiyyətini əks etdirmir, əksinə, həssas ictimai məsələlərin emosional və siyasi manipulyasiya predmetinə çevrilməsi riskini yaradır. Başqa dövlətin daxili proseslərinə xaricdən siyasi hökm verilməsi, ayrı-ayrı hadisələrin ümumiləşdirilməsi və Azərbaycan cəmiyyətinə kənardan davranış modeli diktə edilməsinə cəhd göstərilməsi qəbuledilməz yanaşmadır. Türkiyədə fəaliyyət göstərən siyasətçilər və media nümayəndələri Azərbaycanla bağlı mövqe ifadə edərkən iki ölkə arasındakı münasibətlərin strateji xarakterini, eyni zamanda, Azərbaycanın ayrıca və müstəqil dövlət subyekti olduğunu nəzərə almalıdırlar. "Bir millət, iki dövlət" formulunun məhz ikinci komponenti xüsusi siyasi məna daşıyır. Bu formul vahid tarixi-mədəni bağlılıqla yanaşı, iki müstəqil dövlətin suverenliyinə, bərabərhüquqluluğuna və qarşılıqlı hörmət prinsipinə əsaslanan münasibətlər modelini ifadə edir. Azərbaycan-Türkiyə müttəfiqliyinin dayanıqlılığı qarşılıqlı etimadla yanaşı, siyasi məsuliyyət və bir-birinin daxili qərarvermə səlahiyyətlərinə hörmət tələb edir. Azərbaycanın daxili siyasəti xarici siyasi şəxslərin, media strukturlarının və ya ideoloji dairələrin təzyiqi əsasında müəyyən edilə bilməz. Dövlətin suveren qərarvermə hüququna, konstitusion quruluşuna və daxili institusional proseslərinə hörmət beynəlxalq münasibətlərin fundamental prinsiplərindəndir. Bu prinsipin qorunması eyni zamanda Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin sağlam, davamlı və qarşılıqlı etimada əsaslanan şəkildə inkişafının vacib şərtidir".
NURİYYƏ













