Türkiyədə Azərbaycana qarşı çıxış edənlər kimlərdir? - 5 QRUP AÇIQLANDI

 16:47 13.10.2026     85

"Türkiyə mətbuatında və sosial şəbəkələrində Azərbaycana qarşı çıxışlar ilk dəfə deyil baş verir. Hələ 1990-cı illərdə də belə hadisələr olmuşdu. Sonra İsrail-ABŞ-İran müharibəsi zamanı həm Azərbaycan, həm də Türkiyə ilə bağlı sosial şəbəkələrdə və mediada çıxışlar edən Türkiyə vətəndaşları Azərbaycanı və Türkiyəni qınayır, İranı müdafiə etmədiklərini bildirirdilər və sair. Bu proses indi də davam etməkdədir".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Sədrəddin Soltan bildirdi.

"Baş verənlər Azərbaycan-Türkiyə münasibətlərinə, əməkdaşlığına, dostluğuna və qardaşlığına qarşı yönəlmiş bir kampaniyadır. Çünki Azərbaycan və Türkiyənin öndərliyi ilə Mərkəzi Asiyadan Cənubi Qafqaza və Qara dənizlərə qədər uzanan böyük layihələr var. Bu layihələrin həyata keçirilməsinin təminatçısı da Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olmasıdır. Bu yanaşmaları birmənalı şəkildə ölkənin və ya dövlət başçılarının rəsmi mövqeyi, yaxud hökumətin mövqeyi kimi qiymətləndirmək düzgün deyil. Bu, ayrı-ayrı fərdlərin və qrupların mövqeyidir".

Müsahibimiz əlavə etdi ki, həmin yazarları və münasibət bildirənləri belə təsnif etmək olar:

"Birincisi, Azərbaycan-Türkiyə qardaşlığını gözü götürməyənlər. Bura Türkiyədə Azərbaycana düşmən olan bütün qüvvələr və onların Türkiyədəki təmsilçiləri daxildir.

İkincisi, emosional hadisələrə emosional yanaşan, azsavaddlı və proseslərdən məlumatsız olan insanlar.

Üçüncüsü, məsələyə Türkiyə standartları ilə yanaşanlar.

Dördüncüsü, türk dünyasının düşmənləri.

Beşincisi isə adi vətəndaşlar, bəsit düşüncəli, məhdud dünyagörüşünə malik insanlardır".

Onun sözlərinə görə, bunların hamısı müvəqqəti hadisələrdir və Azərbaycan-Türkiyə münasibətlərini heç vaxt sarsıtmağa qadir deyil:

"Çünki bu münasibətlərin qurulması beş-on ilin məsələsi deyil. Bunlar illər ərzində davam edən əlaqələrin, əməkdaşlığın və münasibətlərin nəticəsidir. Hesab edirəm ki, tezliklə bu anlaşılmazlıqlar aradan qalxacaq, münasibətlərdəki gərginlik və cəmiyyətdəki narahatlıq sona çatacaq".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən