“Daha çox Türkiyə zərər görəcək” - Politoloqdan Türkiyənin informasiya hücumlarına ETİRAZ
Politoloq Əziz Əlibəyli Türkiyə və Azərbaycana qarşı yönələn informasiya təsirləri, təriqətçilik meyilləri və iki ölkə arasındakı münasibətlərə mümkün təsirlər barədə danışıb.
O, Redaktor.az-a açıqlamasında bildirdi ki, bəzi qüvvələr azərbaycanlılarla türklərin arasını vurmağa çalışır və Türkiyədəki təriqətçilik meyillərini Azərbaycana da yaymaq istəyirlər.
“Bir neçə qüvvə var ki, xüsusilə azərbaycanlılarla Türkiyənin arasını vurmağa çalışır. Məncə, Türkiyədə bu istiqamətdə ciddi təriqətçilik gedir. Bunu Azərbaycana da ixrac etmək istəyirlər. Təəssüf ki, dinlə, təriqətlə idarə olunan iki ölkə həm İran, həm də Türkiyə eyni məqsədi güdür və Azərbaycanı hədəfə alır. Buna görə də bu, bir tərəfdən başadüşüləndir”, – politoloq qeyd etdi.
Ə.Əlibəyli bildirdi ki, bir tərəfdən təriqətlər üzərindən hücumlar, digər tərəfdən isə Türkiyə üzərindən neo-osmanizmin yaratdığı sünniçilik meyilləri müşahidə olunur.
“Bir tərəfdən təriqətlər üzərindən hücumlar, digər tərəfdən isə Türkiyə üzərindən neo-osmanizmin yaratdığı sünniçilik meyilləri var. Yəni hər ikisi Azərbaycanın təhlükəsizliyini və dövlətçiliyini hədəfə alıb. Mən düşünürəm ki, buna yol vermək lazım deyil və Türkiyə seçkiqabağı yaşadığı siyasi sancıları bütün coğrafiyaya yaymamalıdır. Türkiyə ilə Azərbaycanın arasını vurmağa çalışan çoxlu sayda mərkəzlər var. Bu, onların işinə yarayacaq ciddi addımdır. Mən düşünürəm ki, Türkiyə tərəfindən idarə olunan və Azərbaycanı hədəfə alan səhifələrin fəaliyyəti bir an öncə dayandırılmalıdır. Proses genişlənərsə, hər iki tərəfin, amma daha çox Türkiyənin zərər görəcəyini etiraf etmək mümkündür”, – politoloq vurğuladı.
Xədicə BAXIŞLI













