“Türkiyə hakimiyyətinin də məsuliyyəti var” - Natiq Miridən Azərbaycana hücumlara ETİRAZ

 17:20 13.10.2026     90

“Türkiyədə Azərbaycan əleyhinə yazıların və fikirlərin formalaşdırılması mediada total xarakter daşımır. Bundan başqa, Türkiyədə hər hansı bir media orqanında Azərbaycan əleyhinə yazıların dərc olunması hələ Türkiyə dövlətinin, Türkiyə ictimaiyyətinin və türk xalqının Azərbaycana münasibəti demək deyil. Çünki Türkiyədə bir çox media orqanı məhz xarici amillərin, şəbəkələrin maliyyəsi və sifarişləri ilə fəaliyyət göstərir. Bu məsələnin içərisində İsrail, İran, o cümlədən Rusiya və digər maraqlar, yəni Qərb dünyasının maraqlarını ifadə edən media qurumları da var”.

Bu barədə Redaktor.az-a çıqlamasında politoloq Natiq Miri bildirdi.

Müsahibimiz qeyd etdi ki, Azərbaycan əleyhinə yazıların Türkiyə üzərindən, orada fəaliyyət göstərən media vasitəsilə yayımlanması məqsədyönlüdür:

“Burada hədəf, əlbəttə ki, iki qardaş xalqı və dövləti üz-üzə qoymaqdan ibarətdir. Ona görə də bu məsələdə bir qədər təmkinli və ehtiyatlı olmağa ehtiyac var.

Çünki Türkiyə ziyalıları, orada fəaliyyət göstərən siyasət adamları, siyasi çevrələr, partiya başqanları, deputatlar və hakimiyyət səviyyəsində fəaliyyət göstərən məmurlar açıq şəkildə Azərbaycan əleyhinə yazıların əleyhinə olduqlarını və bu cür fəaliyyətlərin təcili dayandırılmalı olduğunu bildirirlər. Əlbəttə ki, bu istiqamətdə Türkiyə hakimiyyətinin də müəyyən məsuliyyəti var. Çünki bəzən Türkiyənin özündə hakimiyyətin xoşuna gəlməyən və ölkənin milli maraqlarına zidd olan bəzi hadisələr mediada və ya sosial mediada işıqlandırılanda dərhal bunun qarşısı alınır. Sosial mediada bir çox profil ya nəzarətə götürülür, ya bağlanır, ya da həmin profillərin sahibləri məsuliyyətə cəlb olunurlar. Maraqlı burasıdır ki, bu gün biz eyni yanaşmanı müşahidə etmirik. O baxımdan Türkiyə hakimiyyəti bu məsələdə bir qədər daha çevik davransa, əlbəttə ki, bu, Azərbaycan xalqını və dövlətini məmnun edər”.

Politoloq əlavə etdi ki, Türkiyədə İslam çətiri altında fəaliyyət göstərən bir sıra qara qruplaşma şəbəkələri də var:

“Onlar İslamdan başqa hər şeyi İslam adı altında təbliğ etməklə yanaşı, bu mövhumatı digər dövlətlərə də yaymağa çalışırlar. Ona görə də bu cür ideoloji zəhərlərin Azərbaycan cəmiyyətinə sırınmasına, insanların beyinlərinin zəhərlənməsinə imkan vermək olmaz. Bunun yolu, əlbəttə ki, xalqımızın və insanlarımızın maarifləndirilməsidir. İslamı olduğu kimi təbliğ etmək və insanlarımızı maarifləndirmək bu gün əsas vəzifə olmalıdır. Bu istiqamətdə isə çox böyük boşluq var. Çünki belə bir boşluq olmasaydı, Qafqaz İslam qurumu vaxtında normal fəaliyyət göstərə bilsəydi və savadlı İslam mütəxəssisləri yetişdirə bilsəydi, bu gün tamamilə başqa mənzərədən danışardıq və məktəblərdə bu cür hücumları, təxribatları görməzdik. Ona görə də düşünürəm ki, bu məsələlərin ortaya çıxmasında dini qurumların da çox böyük məsuliyyəti var”.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən