"Onlar Türkiyədə Azərbaycan əleyhinə fikirlər formalaşdırmağa çalışırlar"
"Qəbul edilən qərar məktəbli forması ilə bağlıdır. Məktəblilər vahid formada geyinməli, müəllimlər də səliqəli geyimə üstünlük verməlidirlər. Bu, təhsil prosesində müəyyən normaların formalaşmasına və qorunmasına xidmət edir. Məktəb mühitində kənar elementlərə, istər dinlə, istərsə də başqa ideologiyalarla bağlı fərqliliklərə, həddindən artıq qısa geyimlərə və ya digər uyğun olmayan geyim formalarına yer verilməməlidir. Qəbul olunmayan bu cür halların aradan qaldırılması vacibdir".
Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Akif Nağı bildirdi.
Onun sözlərinə görə, bu məsələdə fərqlilik olmamalıdır:
"Hər kəs Azərbaycan dövlətinin dünyəvi prinsiplərinə və müəyyən etdiyi qaydalara uyğun geyinməli, özünü də həmin normalara uyğun aparmalıdır. Hamı başa düşür ki, Azərbaycanda müxtəlif dini cərəyanlar mövcuddur. İslamın öz daxilində də müəyyən qruplar var və onların bəziləri bu qərarlara daha çox müqavimət göstərirlər. Bu da müəyyən proseslərin təşkil olunduğunu düşündürür. Xaricdən, İrandan və ya Türkiyədən qaynaqlanan təsirlər barədə narahatlıqlar əvvəllər də mövcud olub. Müəyyən qüvvələr bu məsələlərdən Azərbaycana qarşı istifadə etməyə çalışırlar. Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, bütün sahələrdə müstəqil siyasət yürüdür. Bizə heç kim heç nəyi diktə edə bilməz. Nə hərbi, nə siyasi, nə də dini-ideoloji baxımdan. Qərarlarımızı müstəqil və sərbəst şəkildə özümüz qəbul edir, həmin qərarlara uyğun hərəkət edirik. Buna görə də bəzi qüvvələr Azərbaycana təzyiq göstərməyə və baş verən proseslərə siyasi məzmun verməyə çalışırlar.
İnanıram ki, Azərbaycan dövləti bu cür təxribatların qarşısını alacaq. Dövlətin belə halların qarşısını almaq üçün kifayət qədər gücü var. Xaricdən gələn təzyiqlər də öz məqsədinə çatmayacaq. Həmin qüvvələrin məqsədi Azərbaycanda xaos yaratmaq və ya öz istəklərinə uyğun ideoloji xətt formalaşdırmaqdır. Bəzi qüvvələr Azərbaycan-Türkiyə münasibətlərini qısa müddətdə sarsıtmağa çalışırlar. Başqa qruplar da iki ölkə arasındakı münasibətləri zəiflətməyə cəhd göstərirlər. Onlar Türkiyədə Azərbaycan əleyhinə müəyyən fikirlər formalaşdırmağa və ölkələrimiz arasındakı münasibətlərə zərər vurmağa çalışırlar. Qonşu İranın da müəyyən niyyətləri və məqsədləri var. Onlar başa düşməlidirlər ki, Azərbaycan kənar təsirlərlə idarə olunan ölkə deyil. Bu cür niyyətlərdən əl çəkməli, Azərbaycanla münasibətləri qarşılıqlı hörmət əsasında qurmalıdırlar. Hər hansı dini xətti əsas götürərək insanları həmin istiqamətdə bir araya toplamaq, dindən sui-istifadə etməklə onları hakimiyyətə qarşı çıxışlara yönəltmək düzgün deyil".
A.Nağı vurğuladı ki, Azərbaycan da, İran da münasibətlərin inkişafında maraqlı olmalıdır:
"Bu hadisələrin baş verdiyi dövrdə İranın daxili işlər nazirinin Azərbaycana səfəri və rəsmi səviyyədə qəbul edilməsi də təsadüfi deyildi. Hesab edirəm ki, bu görüş zamanı Azərbaycan Prezidenti birbaşa və ya dolayısı ilə ölkəmizin daxili işlərinə qarışılmaması, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın davam etdirilməsi ilə bağlı mövqeyini çatdırıb. İran da bu əməkdaşlığın davam etdirilməsində maraqlı olmalıdır. Hər hansı qruplar və qüvvələr yaratmaq, dindən sui-istifadə etmək yolverilməzdir. İnanıram ki, zaman keçdikcə vəziyyət sabitləşəcək və bu məsələlər üzrə ortaq məxrəc tapılacaq. Hər kəs Azərbaycanın qanunlarına tabe olmalıdır. Vaxtilə Azərbaycanda baş örtüyü ilə bağlı fotoşəkillərin çəkilməsi məsələsi ətrafında da ciddi etirazlar və müzakirələr yaşanıb. Sonda ortaq məxrəc tapıldı. Belə qərara gəlindi ki, qadınlar sənədlər üçün fotoşəkillərini başıaçıq çəkdirməlidirlər və həmin fotoşəkilləri qadın fotoqraflar çəkməlidirlər. Sənədlərin yoxlanılması zamanı da qadınların qadın əməkdaşlar tərəfindən yoxlanılması mümkündür. Bu qayda hava limanlarında və digər müvafiq yerlərdə tətbiq oluna bilər. Beləliklə, müəyyən razılaşma əldə edildi və qarşıdurma səngidi.
İndi də istəyirəm ki, hər kəs ilk növbədə Azərbaycan qanunlarına tabe olmalı olduğunu başa düşsün. Din müəyyən mənada ideoloji vasitədir və cəmiyyətdə normaların formalaşmasında rol oynaya bilər. Lakin birinci yerdə dövlət dayanır. Hər kəs dövlətin maraqlarından çıxış etməlidir. İnsanlar dinin və ya hər hansı ideologiyanın maraqlarından deyil, dövlətin maraqlarından çıxış etməlidirlər. İstəyirəm ki, hamı bunu başa düşsün. Azərbaycan dövlətinin minilliklərə söykənən tarixi var. Hər kəs bu dövləti müxtəlif təxribatlardan, daxili və xarici hücumlardan qorumağa borcludur. Mən hesab edirəm ki, Azərbaycan cəmiyyəti sağlam cəmiyyətdir və insanların əksəriyyəti dövlətin maraqlarından çıxış edir".
NURİYYƏ













