"Qardaş Türkiyənin İranın molla rejiminin tərəfinə keçməsi təəssüf doğurur" - İradə Sarıyeva

 14:53 14.10.2026     190

“İran uzun illərdir, daha dəqiq desək, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizə qarşı açıq-aşkar informasiya müharibəsi aparıb. Rəsmilərin, qeyri-rəsmilərin, medianın və daxilimizə yerləşdirdiyi emissarların vasitəsilə bunu həyata keçirib”.

Bunu Redaktor.az-a açıqlamasında “Bakı-Xəbər” media qrupunun əməkdaşı, jurnalist İradə Sarıyeva bildirdi.

“İran Azərbaycan dilində yayımlanan “Səhər” kanalı vasitəsilə təxribatlar həyata keçirib, ictimai rəyi çaşdırmaq üçün min bir üsuldan istifadə edib. İndi də sosial şəbəkələr və sosial media platformaları üzərindən bu çirkin kampaniyanı aparır”, - deyə o qeyd etdi.

Həmsöhbətimizin sözlərinə görə, bunu etməkdə əsas məqsəd hicabı və hicab bağlayanları müdafiə etmək deyil, onlardan siyasi alət kimi ölkəmizə qarşı istifadə etmək və onların arxasında gizlənərək ölkəmizin daxili işlərinə qarışmaq niyyətini ortaya qoymaqdır:

“Dar gündə də, sevincli gündə də çiyin-çiyinə verdiyimiz qardaş Türkiyənin İranın molla rejiminin tərəfinə keçməsi təəssüf doğurur. Aydın görünür ki, Türkiyənin daxilində də müəyyən İranpərəst kəsim var və onlar Azərbaycanı hədəf seçiblər”.

Jurnalist əlavə etdi ki, bu gün medianın yalnız xəbərçilik və məlumat yaymaq missiyasını yerinə yetirmədiyi, həm də siyasi alət kimi istifadə olunduğu məlumdur.

“Hər iki ölkədən media və sosial şəbəkələr vasitəsilə bizə təzyiq göstərənlərin məqsədi ölkənin daxili sabitliyini pozmaq, ictimai rəyi manipulyasiya etmək və dövlət institutlarına qarşı inamsızlıq yaratmaqdır. Bütün cəmiyyətlər din və inanc məsələlərində çox həssasdırlar. Bu baxımdan xarici qüvvələr insanlardan öz ölkələrinə qarşı daha rahat istifadə edə və daxili parçalanma yaratmağa cəhd göstərə bilirlər. İnsanların ən çox istifadə etdiyi “TikTok” və “Telegram” kimi platformalardan yararlanaraq yalan xəbərlər yayırlar ki, vətəndaşlar arasında təşviş və qorxu yaratsınlar, yaxud dövlətin xarici siyasətinə qarşı şübhə formalaşdırsınlar.

Azərbaycan dövləti və xalqı bu təhdidlərə qarşı mətanətlə dayanır və müxtəlif dövlətlərin daxili işlərimizə müdaxilə cəhdlərini qəbul etmir. Azərbaycan müstəqil dövlətdir, müstəqil daxili və xarici siyasət yürüdür və öz milli maraqlarını hər şeydən üstün tutur. Odur ki, heç bir xarici qüvvə bizi daxildən parçalaya bilməz. Biz vətəndaş olaraq dövlətimizin yanındayıq”, - deyə İradə Sarıyeva fikrini yekunlaşdırdı.

Xədicə BAXIŞLI 

Vumart və Güvən reklamı Vumart Güvən