“Bir-birimizin yanında olmuşuq, Türkiyədən belə münasibət gözləmirdik” - AÇIQLAMA
“Çox təəssüflər olsun ki, son günlər Azərbaycan nə hakimiyyətin, nə xalqın, nə də dövlətin gözləmədiyi bir vəziyyətlə üzləşib. Azərbaycana qarşı qarayaxma kampaniyası aparılır, ölkəmizə haqsız zərbələr vurulur. Bunu Türkiyədən, əlbəttə ki, heç vaxt gözləmirdik. Qeyd etdiyim kimi, bir millət, iki dövlət olaraq belə bir münasibətlə qarşılaşacağımızı düşünmürdük. Çünki bu iki dövlət həmişə bir-birinin yanında olub”.
Bu fikirləri Redaktor.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev bildirdi.
Müsahibimiz vurğuladı ki, Türkiyənin çətin günlərində ilk yardım əlini uzadan ölkələrdən biri Azərbaycan olub.
“İstər zəlzələlər zamanı, istərsə də meşə yanğınları baş verəndə Azərbaycan Türkiyəyə dəstək göstərib. Azərbaycan Türkiyənin Kahramanmaraş şəhərində bir şəhərcik salıb, heç bir təmənna güdmədən orada yaşayan qardaşlarımızın şəraitinin yaxşılaşdırılmasına töhfə verib, məktəb tikib və digər yardımlar göstərib”.
Şakir Ağayevin sözlərinə görə, Azərbaycanda qəbul edilən məktəbli geyimi qaydası hicabın qadağan edilməsi demək deyil. O, bu məsələdə vahid məktəbli geyimi prinsipinin nəzərə alınmasının vacibliyini vurğuladı:
“Azərbaycan bir qanun qəbul edib və bu qanun heç bir halda hicaba qarşı deyil. Ümumiyyətlə, Azərbaycanda hicabın qadağan edildiyini söyləmək gülüncdür. Ölkəmizdə küçələrdə, xəstəxanalarda və digər yerlərdə hicablı insanlara rast gəlmək mümkündür. Hicablı insanlar Azərbaycanda tam sərbəstdirlər. Məhdudiyyət məktəblərlə bağlıdır. Orada da vahid məktəbli geyimi qaydası qəbul edilib. Mən hesab edirəm ki, bu, çox düzgün qərardır. Ən azı sosial baxımdan insanlar arasında fərqlər azalır, şagirdlər məktəbdə özlərini şagird, müəllimlər isə müəllim kimi hiss edirlər”.
Siyasi şərhçi hesab edir ki, vahid məktəbli geyimi qaydası bəhanə edilərək Azərbaycana qarşı ideoloji hücumlara başlanılıb.
“Guya Azərbaycan İslama qarşıdır. Halbuki ölkəmiz İslam dövlətlərinə qarşı yönələn hücumlar və islamofobiya məsələlərində hər zaman öz mövqeyini ortaya qoyub. Ölkə başçısı beynəlxalq tribunalardan dəfələrlə bu barədə danışıb”.
Şakir Ağayev son günlər sosial şəbəkələrlə yanaşı, rəsmi şəxslərin də prosesə qoşulmasının narahatlıq doğurduğunu bildirdi:
“Əvvəllər düşünürdük ki, Azərbaycan-Türkiyə münasibətlərinin pozulmasını istəməyən şəxslər bu cür addımları sosial şəbəkələrdə atırlar. Çox təəssüflər olsun ki, son günlər rəsmi şəxslərin də bu prosesə qoşulduğu müşahidə olunur. Bu da Azərbaycana qarşı çirkin siyasət aparıldığını göstərir”.
Müsahibimiz Azərbaycan-Türkiyə münasibətlərinin qorunmasının vacibliyini vurğulayaraq bu cür siyasətin hər iki ölkəyə mənfi təsir göstərə biləcəyini qeyd etdi:
“Çox yaxşı olardı ki, bu siyasətdən əl çəkilsin. Azərbaycan-Türkiyə münasibətlərinin pozulması yalnız hər iki ölkənin düşmənlərinə sərf edə bilər. Bu siyasət Türkiyənin özünə də sərf etmir. Mən anlaya bilmirəm ki, belə bir siyasət niyə aparılır. Baş verənləri çox mənfi qiymətləndirirəm”.
Şakir Ağayev sonda ümidvar olduğunu bildirdi ki, yaranmış vəziyyətin qarşısı tezliklə alınacaq. Əks halda, onun fikrincə, prosesin dərinləşməsi iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərə bilər:
“Ümid edirik və hesab edirik ki, bunun qarşısı tezliklə alınmalıdır. Əks halda, proses daha da dərinləşər və geniş vüsət alarsa, Azərbaycan-Türkiyə münasibətlərində arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Hesab edirəm ki, Azərbaycan dövlətinin və milli maraqlarının qorunması bizim üçün hər şeydən üstündür”.
NURİYYƏ













