“Azərbaycana qarşı geniş təbliğat aparan şəbəkə var” - Deputat diqqətli olmağa ÇAĞIRDI
Son günlər sosial şəbəkələrdə Azərbaycana qarşı təxribat xarakterli paylaşımlar, ictimai rəyin çaşdırılmasına və gənclərin manipulyasiyasına yönələn cəhdlər müzakirə mövzusuna çevrilib. “TikTok”, “X” və digər platformalarda yayılan bu cür məzmunların gənclərə təsiri, onların informasiya təhlükəsizliyinin qorunması və təxribat cəhdlərinə qarşı diqqətli davranması məsələsi aktuallıq kəsb edir.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Redaktor.az-a açıqlamasında Azərbaycana qarşı sosial şəbəkələr vasitəsilə təxribatların həyata keçirildiyini bildirdi və gəncləri bu cür təsirlərə qarşı diqqətli olmağa çağırdı:
“Biz ilk dəfə deyil ki, bu cür halları müşahidə edirik. Davamlı olaraq ölkəmizə qarşı bu cür təxribatlar həyata keçirilir. İctimai rəyin çaşdırılmasına, gənclərin manipulyasiyasına və onların şüuruna ciddi təsir göstərilməsinə yönələn cəhdləri görürük. Həm “TikTok”, həm “X”, həm də digər sosial şəbəkələr üzərindən Azərbaycana qarşı geniş təbliğat aparan böyük bir şəbəkə var. Bu mənada gənclərimizin üzərinə də böyük vəzifə düşür. Biz daha diqqətli olmalı, özümüzü bu təxribatlardan qorumalı və daha ölçülü addımlar atmalıyıq”.
Millət vəkili gənclərin belə hallara qarşı daha diqqətli və məsuliyyətli davranmalı olduqlarını vurğuladı:
“Gənclərimiz çox diqqətli və məsuliyyətli olmalıdırlar. Onlar üzərlərinə düşən vəzifənin məsuliyyətini anlamalı, bu cür təxribatlardan, cəhdlərdən və fəaliyyətlərdən özlərini ciddi şəkildə qorumalıdırlar. Bu halların baş verməsinə imkan verməməli və bilməlidirlər ki, belə hadisələrin, proseslərin və məsələlərin əsas hədəfi və məqsədi ictimai rəyi çaşdırmaqdır. Bu baxımdan gənclərimizin üzərinə ciddi məsuliyyət düşür. Onlar bu məsuliyyəti anlamalı və hər zaman daha diqqətli, daha məsuliyyətli olmağa, özlərini bu cür proseslərin və məsələlərin mənfi təsirlərindən qorumağa çalışmalıdırlar”.
Xədicə BAXIŞLI













