"Qardaşlıq Azərbaycanın suverenliyindən üstün deyil" - AÇIQLAMA
“Bir neçə gün sonra, 18 oktyabr 2026-cı il tarixində Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edəcək. Ötən 35 il ərzində ölkəmiz mürəkkəb geosiyasi şəraitdə öz müstəqil xarici siyasət kursunu formalaşdırıb, milli maraqlarını qoruyaraq regional və beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmləndirib. Azərbaycanın bu gün əldə etdiyi siyasi və strateji imkanlar, ilk növbədə, müstəqil qərarvermə prinsipinə və dövlət suverenliyinə əsaslanan siyasətin nəticəsidir”.
Bunu Redaktor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev bildirdi.
Politoloq Azərbaycanın müstəqil xarici siyasət kursunun əsas prinsiplərindən danışarkən qeyd etdi ki, ölkənin qərarları milli maraqlara əsaslanır və bu yanaşma gələcəkdə də dəyişməyəcək:
“Azərbaycan Respublikasının xarici siyasətinin, xüsusilə də Prezidentin xarici siyasət kursunun əsas prinsipi aydındır: ölkəmiz öz qərarlarını heç bir dövlətin diktəsi ilə deyil, milli maraqlarına uyğun şəkildə qəbul edir və bu, belə də olacaq. Bizim üçün suverenlik yalnız beynəlxalq hüququn tanıdığı status deyil, həm də siyasi iradə, müstəqil seçim və milli maraqlardan güzəştə getməmək prinsipidir. İşğal faktı ilə barışmayaraq Qarabağın azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası da bu iradənin nə qədər güclü olduğunu göstərdi. Ölkə başçısının qətiyyəti və siyasi iradəsi, Azərbaycan xalqının bir amal uğrunda birləşməsi və ordumuzun rəşadəti suverenliyimizi tam bərpa etdi. Əgər Azərbaycan öz suverenliyindən və müstəqil qərarvermə hüququndan güzəştə getməyə hazır olsaydı, bu gün əldə etdiyi nəticələrə nail olmaq mümkün olmazdı”, - deyə o vurğuladı.
Politoloqun sözlərinə görə, son dövrlərdə Azərbaycan–İsrail münasibətləri ətrafında, xüsusilə Türkiyədə müəyyən dairələr və media platformaları tərəfindən səsləndirilən fikirlər müstəqil və suveren dövlət olmağın əhəmiyyətini bir daha gündəmə gətirib. O, Azərbaycanın digər dövlətlərlə münasibətlərinin üçüncü ölkələrə qarşı yönəlmiş siyasət kimi təqdim edilməsinin düzgün olmadığını bildirdi:
“Azərbaycanın hansı dövlətlə əməkdaşlıq etməsi, hansı ölkə ilə münasibətlərini inkişaf etdirməsi və beynəlxalq platformalarda hansı mövqedən çıxış etməsi, ilk növbədə, Azərbaycan dövlətinin səlahiyyətinə aid olan məsələlərdir. Bir ölkənin başqa bir dövlətlə münasibətlərinin olması avtomatik olaraq üçüncü dövlətə qarşı yönəlmiş siyasət kimi təqdim edilə bilməz. Azərbaycanın İsraillə münasibətlərini Türkiyəyə qarşı addım kimi qiymətləndirmək nə siyasi, nə də diplomatik baxımdan düzgün yanaşmadır. Azərbaycan Türkiyə ilə strateji müttəfiqdir və 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi bu münasibətlərin hüquqi-siyasi əsaslarını daha da möhkəmləndirib. Lakin müttəfiqlik heç bir dövlətə digərinin müstəqil xarici siyasətinə müdaxilə etmək hüququ vermir. Əsl müttəfiqlik qarşılıqlı hörmət, etimad və suverenliyə ehtiram deməkdir”.
Mustafayev Azərbaycan-Türkiyə münasibətlərində qarşılıqlı hörmət prinsipinin qorunmasının vacibliyini vurğulayaraq bildirdi ki, dostluq və qardaşlıq dövlətin müstəqil qərarvermə hüququnu məhdudlaşdırmamalıdır:
“Azərbaycan dostluğa və qardaşlığa böyük əhəmiyyət verir, lakin dostluq və qardaşlıq anlayışları dövlətin müstəqil qərarvermə hüququndan üstün tutula bilməz. Azərbaycan Türkiyə ilə münasibətlərini qorumaqda maraqlıdır və bu münasibətlərin ayrı-ayrı şəxslərin, media qurumlarının və ya ictimai qrupların açıqlamaları səbəbindən zədələnməsini istəmir. Bununla belə, qarşılıqlı hörmət birtərəfli olmamalıdır. Azərbaycanın milli maraqlarına və suveren qərarlarına da eyni hörmətlə yanaşılmalıdır”.
Politoloq müzakirələrin yalnız xarici siyasətlə məhdudlaşmadığını, Azərbaycanın daxili məsələlərinin də bu müzakirələrə daxil edildiyini diqqətə çatdırdı. O, məktəblərdə vahid geyim formasının tətbiqi məsələsinə də toxunaraq bildirdi:
“Digər narahatedici məqam isə müzakirələrin Azərbaycanın xarici siyasətindən kənara çıxaraq daxili siyasətinə yönəlməsidir. Məktəblərdə vahid geyim formasının tətbiqi kimi məsələlər Azərbaycanın daxili idarəçilik və təhsil siyasətinə aiddir. Bu qərarlarla bağlı hər kəsin fərqli fikri ola bilər. Lakin hər hansı qərarın tənqid edilməsi ilə başqa bir ölkənin daxili siyasətinə təsir göstərməyə çalışmaq arasında ciddi fərq var. Azərbaycan cəmiyyətində müzakirə olunan məsələlərə münasibətdə xaricdən siyasi təzyiq göstərilməsi yolverilməzdir. Bununla belə, belə müdaxilə iddiaları konkret faktlarla əsaslandırılmalıdır”.
Üzeyir Mustafayev Azərbaycanın həm daxili, həm də xarici siyasət prioritetlərini müstəqil müəyyənləşdirmək hüququna malik olduğunu vurğulayaraq suverenliyin ölkənin siyasi iradəsinin əsasını təşkil etdiyini qeyd etdi:
“Azərbaycanın xarici siyasət kursunu müəyyənləşdirmək də, daxili siyasətinin prioritetlərini seçmək də Azərbaycan dövlətinin hüququdur. Bu hüququn həyata keçirilməsi heç bir üçüncü tərəfin razılığından asılı ola bilməz. Azərbaycan öz qərarlarına görə məsuliyyəti də özü daşıyır və həmin qərarların nəticələrini öz milli maraqları çərçivəsində qiymətləndirir”.
Politoloq Azərbaycanın müstəqilliyinin tarixi mübarizə və fədakarlıqlar hesabına möhkəmləndiyini xatırladaraq suverenlik prinsipinin qorunmasının vacibliyini vurğuladı. O, Azərbaycanın digər dövlətlərlə münasibətlərdə qarşıdurma deyil, qarşılıqlı hörmət tərəfdarı olduğunu bildirdi:
“Unutmaq olmaz ki, Azərbaycanın müstəqilliyi böyük siyasi mübarizə, ağır müharibələr və xalqımızın ciddi fədakarlıqları hesabına möhkəmlənib. Bu səbəbdən suverenlik məsələsinə münasibətimiz emosional deyil, prinsipial olmalıdır. Biz heç bir dövlətlə qarşıdurma axtarmırıq, lakin heç bir dövlətin də bizim əvəzimizə qərar verməsini qəbul edə bilmərik”.
Mustafayev sonda Azərbaycanın müxtəlif dövlətlərlə münasibətlərinin milli maraqlar əsasında qurulduğunu və bu siyasətin müstəqil qərarvermə prinsipinə söykəndiyini qeyd etdi:
“Nəticə etibarilə, Azərbaycanın mövqeyi aydındır: biz Türkiyə ilə qardaşlıq və müttəfiqlik münasibətlərinin qorunmasının tərəfdarıyıq, İranla və digər qonşularımızla qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmaqda maraqlıyıq, İsrail və digər tərəfdaşlarla əlaqələrimizi isə milli maraqlarımız çərçivəsində inkişaf etdiririk. Bu istiqamətlər bir-birini istisna etmir və Azərbaycanın heç bir dövlətdən öz müstəqil siyasətinə görə icazə alması tələb oluna bilməz”.
Xədicə BAXIŞLI













