47 trilyon dollarlıq iqtisadi güc və Azərbaycan – AQEM sammitinin ƏHƏMİYYƏTİ

 12:32 15.10.2026     103

Bildiyimiz kimi, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü Azərbaycanda keçiriləcək. Tədbirlə əlaqədar müxtəlif dövlətlərin liderləri və nümayəndələri Azərbaycana səfər ediblər.

AQEM-in 7-ci Zirvə Görüşünün Azərbaycanda keçirilməsi, müxtəlif ölkələrin nümayəndələrinin ölkəmizə səfəri və bu kimi beynəlxalq tədbirlərin Azərbaycanın digər dövlətlərlə siyasi, iqtisadi və diplomatik əlaqələrinin inkişafına təsiri necə qiymətləndirilməlidir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, bu gün dünyanın ən aktual problemlərindən biri təhlükəsizlik və onun təmin olunması məsələsidir.

"Buna görə də müxtəlif platformalarda bu məsələ daim müzakirə olunur. Azərbaycan regional və qlobal təhlükəsizliyə töhfə verən ölkə kimi bu gün AQEM-ə sədrlik edir və onun sədrliyi dövründə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin yeni zirvə toplantısı keçirilir. Toplantı həm ikitərəfli görüşlər, həm də ümumi platforma çərçivəsində təhlükəsizlik, etimad və əməkdaşlıq imkanlarının müzakirə olunması xarakteri daşıyır".

Siyasətçi əlavə etdi ki, AQEM bu günə qədər tam institutlaşmış təşkilat deyil:

"Mümkündür ki, tədbirin sonunda AQEM-in yekun bəyannaməsi və fəaliyyət nizamnaməsi ilə bağlı sənədlər də qəbul edilsin. Yəqin ki, bu barədə dəqiq məlumatı beynəlxalq tədbirin sonunda əldə etmiş olacağıq. Ancaq indidən demək mümkündür ki, Azərbaycana səfər edən müxtəlif ölkələrin dövlət başçıları, baş nazirləri və nazirləri səviyyəsində Azərbaycan Prezidenti ilə keçirilən ikitərəfli görüşlər zamanı AQEM ölkələri ilə əməkdaşlıq perspektivlərinin nə qədər geniş olduğu bir daha üzə çıxıb. Laos, Kamboca və Cənub-Şərqi Asiyanın digər ölkələri bizə uzaq coğrafiya kimi görünsə də, məlum oldu ki, onların Çinlə əlaqələri, Orta Dəhlizə çıxış imkanları əldə etmələri və Azərbaycanla birlikdə əməkdaşlığın yeni istiqamətlərini yaratmaları üçün kifayət qədər geniş perspektivlər açır".

Onun sözlərinə görə, bu vacib tədbir Azərbaycanın sədrliyi ilə öz fəaliyyətinin yeni mərhələsinə qədəm qoyacaq:

"Ayrıca, məsələni siyasi-diplomatik kontekstdə qiymətləndirsək, tədbirin bu şəkildə təşkil olunması, çoxsaylı dövlət və hökumət başçılarının, eləcə də nazirlərin Azərbaycana səfər etməsi dünyaya Azərbaycanın siyasi-diplomatik gücünün nümayiş etdirilməsi deməkdir".

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov isə bildirdi ki, Azərbaycan bu əməkdaşlıq platformasına 2024-cü ildən bəri sədrlik edir:

"28 dövlətin təmsil olunduğu bu platformada 10 ölkə müşahidəçi statusu ilə təmsil olunur. Platformaya üzv olan dövlətlər qlobal ümumi daxili məhsulun 40 faizini formalaşdırırlar. Deməli, söhbət 47 trilyon dollardan çox iqtisadiyyata malik platformanın Zirvə toplantısının Azərbaycanda keçirilməsindən gedir. Bununla yanaşı, ABŞ və Yaponiya kimi qlobal güclər də AQEM-də müşahidəçi statusu ilə təmsil olunurlar. Bu baxımdan, bütövlükdə daha böyük iqtisadi gücdən söhbət gedir".

Millət vəkili əlavə etdi ki, Azərbaycanın AQEM-ə üzv olan dövlətlərlə iqtisadi əlaqələrinin daha da genişləndirilməsi prioritet əhəmiyyət kəsb edir:

"Prezident İlham Əliyevin və Kambocanın Baş nazirinin mətbuata bəyanatlarında da mövcud imkanların, iqtisadi və investisiya prioritetlərimizin daha yaxından tanıdılması, sıx iqtisadi əməkdaşlığın qurulması yollarının müəyyənləşdirilməsi əsas tərəfdaşlıq istiqamətləri sırasındadır. Yeni dünya düzəninin formalaşması mərhələsində regionda müşahidə edilən siyasi kataklizmlərə rəğmən, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirməklə yanaşı, ölkəmizi regional “orta güc” dövlətinə çevirib. Çoxvektorlu xarici siyasət Azərbaycanın eyni zamanda Qərb və Şərqlə tərəfdaşlığını gücləndirərək regional təhlükəsizliyin qorunmasında rolunu daha da artırıb. Asiya dövlətləri ilə əməkdaşlığın güclənməsi fonunda Azərbaycan üçün ABŞ daxil olmaqla Qərb dövlətləri ilə tərəfdaşlığın daha da inkişaf etdirilməsi prioritet olaraq qalmaqdadır. Uğurlu xarici siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirməkdədir. Bu isə yeni regional düzən deməkdir", – deyə Vüqar Bayramov yekunlaşdırıb.

Deputat Tural Gəncəliyev isə açıqlamasında bildirdi ki, Azərbaycanda növbəti mötəbər beynəlxalq tədbir keçirilir:

"AQEM-in 7-ci Zirvə toplantısının Azərbaycanda keçirilməsi, dünyanın önəmli ölkələrinin liderlərinin və dövlət başçılarının ölkəmizə gələrək belə bir tədbirdə iştirak etməsi Azərbaycanın qlobal xarici siyasətdə artan nüfuzunun göstəricisidir. Artıq məlumdur ki, Azərbaycan beynəlxalq diplomatiyanın nəbzinin vurduğu məkana çevrilib. İl ərzində ölkəmizdə keçirilən tədbirlərin, xüsusilə də qlobal siyasətin gündəminin formalaşmasına hesablanmış mühüm tədbirlərin və sammitlərin sayı artır. Bu cür zirvə toplantılarının ölkəmizdə keçirilməsi çox önəmlidir. Məlumdur ki, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən unikal coğrafi mövqeyə malikdir və beynəlxalq nəqliyyat-kommunikasiya xətlərinin üzərində yerləşir. Ölkəmiz bu baxımdan açar rolunu oynayır. Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində yerləşməklə yanaşı, həm də bu iki qitəni birləşdirən geosiyasi mərkəzlərdən biri kimi çıxış edir".

Siyasətçi əlavə etdi ki, beynəlxalq geosiyasi baxımdan Asiya hazırda dünyanın mühüm güc mərkəzlərindən birinə çevrilib:

"Belə bir regionu əhatə edən təşkilatın sammitinin məhz Azərbaycanda keçirilməsi böyük əhəmiyyət daşıyır. Bildiyiniz kimi, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə həqiqətən də geniş əhatə dairəsinə malik beynəlxalq platformadır. Milyardlarla insanı və onlarla ölkəni əhatə edən bu təşkilat beynəlxalq münasibətlər sistemində mühüm yer tutur. Asiyanın dünya geosiyasətində xüsusi mərkəzə çevrildiyi bir dövrdə AQEM sammitinin Azərbaycanda keçirilməsi bir daha göstərir ki, ölkəmiz təkcə ABŞ, Çin və Avropa İttifaqı ilə münasibətlərdə deyil, Asiya qitəsində də mühüm söz sahibi olmaqda davam edir".

Həmsöhbətimiz qeyd etdi ki, bu tədbir Azərbaycanın beynəlxalq nüfuzunun, qlobal səviyyədə artan gücünün və dünya siyasətində oynadığı rolun göstəricisidir:

"Biz bunu dəfələrlə vurğulamışıq. Qoşulmama Hərəkatına sədrlik, COP29, Azərbaycanın WUF13 Beynəlxalq Şəhərsalma Forumuna ev sahibliyi etməsi, Avropa İttifaqı və onun üzv dövlətlərinin əksəriyyəti ilə strateji əməkdaşlıq, ABŞ, Çin və regional ölkələrlə əlaqələr, eləcə də Türk Dövlətləri Təşkilatı və Türk dünyası çərçivəsində əməkdaşlıq bunu bir daha təsdiqləyir. Bütün bunlar göstərir ki, Azərbaycan bu gün beynəlxalq müstəvidə, o cümlədən qlobal siyasətdə öz mövqeyini və nüfuzunu ortaya qoyur. Ölkəmizin orta güc dövləti kimi çıxış etməsi və beynəlxalq siyasətdə oynadığı rol da bu proseslərdə öz təsdiqini tapır".

Xədicə BAXIŞLI

Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc olunub.

2
Vumart və Güvən reklamı Vumart Güvən