"Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər" - AÇIQLAMA

 22:59 14.10.2026     124

"Diplomatik müstəvidə otuz ildən çox bir dövrü əhatə edən Azərbaycan-Laos münasibətlərinin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri barədə danışarkən, ilk növbədə, müxtəlif platformalar üzərindən təşəkkül tapan siyasi dəstəyin iqtisadi əməkdaşlıqla tamamlanmasının vacibliyini qeyd etmək istərdim. Belə ki, Prezident İlham Əliyevin oktyabrın 13-də Laos Prezidenti Thonqlun Sisulitin Azərbaycana səfəri zamanı səsləndirdiyi fikirlər onu göstərir ki, iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, xüsusilə də ticarət dövriyyəsinin artırılması üçün kifayət qədər imkanlar var. Hesab edirəm ki, bu imkanlardan daha səmərəli istifadə etmək üçün ticarət əlaqələrinin genişləndirilməsi, biznes dairələri arasında təmasların artırılması və qarşılıqlı investisiya layihələrinin təşviqi vacibdir".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Allahverənov feysbuk hesabında yazıb.

O yazısında bildirib ki, Azərbaycanın nəqliyyat-logistika sahəsindəki təcrübəsi ilə Laosun regional bağlantı imkanları arasında əməkdaşlıq perspektivləri də diqqətəlayiqdir:

"Təhsil sahəsində əməkdaşlığın bərpası da xüsusi əhəmiyyət daşıyır. Vaxtilə minlərlə laoslunun Azərbaycanda təhsil alması iki xalq arasında mövcud olan humanitar əlaqələrin yaxşı nümunəsidir. Humanitar müstəvidə bu ənənənin yenidən canlandırılması gələcəkdə digər sahələrdə də münasibətlərin inkişaf etdirilməsi üçün möhkəm zəmin yarada bilər.

Laosun zəngin təbii ehtiyatlara malik olduğunu nəzərə alsaq, dağ-mədən sənayesi sahəsində geniş əməkdaşlıq imkanlarının olduğunu da təxmin etmək mümkündür. Məhz bu səbəbdən Laos şirkətlərinin bu sahədə birgə müəssisələr yaratması və sənaye parklarına, o cümlədən “Ələt” Azad İqtisadi Zonaya sərmayə yatırması qarşılıqlı maraq doğuran istiqamətlər kimi dəyərləndirilə bilər. Bu sahədə böyük potensialın olduğunu görmək mümkündür".

Millət vəkilinin sözlərinə görə, mina təhlükəsi ilə mübarizə sahəsində təcrübə mübadiləsi hər iki ölkə üçün praktiki əhəmiyyət daşıyır:

"Ümumiyyətlə, mina problemi ilə mübarizə məsələsi hər iki dövlət üçün strateji əhəmiyyətə malik istiqamətdir. Çünki Azərbaycan kimi Laos da bu gün mina və partladılmamış hərbi sursatlarla kütləvi şəkildə çirklənmiş ərazilərə malik olan dövlətdir. Mürəkkəb dağ relyefinə və landşaftına malik Laosda torpaqların minatəmizlənməsi işləri ümummilli səviyyədə həyata keçirilir. Bu isə mina problemi ilə mübarizə sahəsində həyata keçirilən milli strategiyanın kifayət qədər zəngin təcrübəyə malik olduğunu göstərir.

Düşünürəm ki, Laos Prezidentinin Azərbaycana səfəri münasibətlərin yeni mərhələyə keçməsi baxımından əhəmiyyətlidir. İndi əsas məsələ siyasi dialoq çərçivəsində əldə olunan razılaşmaları konkret iqtisadi və humanitar layihələrlə möhkəmləndirmək, əməkdaşlığı qarşılıqlı fayda prinsipi əsasında inkişaf etdirməkdir".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən