Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü - FOTO - YENİLƏNİB
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin xarici işlər naziri Van İnin geniştərkibli görüşü keçirilib.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabında məlumat verilib.
Bildirilib ki, nazirlər xalqlarımız arasında yüksək səviyyəli dialoqun, qarşılıqlı etimadın və dostluğun ikitərəfli münasibətlərin əsas hərəkətverici qüvvəsi olduğunu vurğulayıblar.
Tərəflər 2025-ci ildə qurulmuş hərtərəfli strateji tərəfdaşlığın sürətlə inkişaf etməsini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, Azərbaycan Prezidentinin Çinə dövlət səfəri zamanı əldə edilmiş mühüm razılaşmalar iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün möhkəm zəmin yaradır. Həmçinin 2027-ci ildə Azərbaycanla Çin arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünün qeyd ediləcəyi vurğulanıb.
Nazirlər ticarət-iqtisadi əlaqələr, investisiyalar, enerji, nəqliyyat, logistika və bağlantılar sahələrində əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə ediblər. Azərbaycanın Asiya ilə Avropa arasında əsas bağlantı rolunu oynadığı və Orta Dəhlizin regional və regionlararası əlaqələrin gücləndirilməsində artan əhəmiyyəti diqqətə çatdırılıb.
Tərəflər BMT, AQEM və digər beynəlxalq platformalar çərçivəsində qarşılıqlı dəstək göstərmək öhdəliklərini bir daha təsdiqləyiblər.
Görüşdə, həmçinin regional təhlükəsizlik vəziyyəti və son hadisələr ətrafında fikir mübadiləsi aparılıb. Mövcud çağırışların həllində davamlı dialoqun, diplomatik təmasların və çoxtərəfli əməkdaşlığın vacibliyi vurğulanıb.
Ceyhun Bayramov həmkarına Ermənistanla sülh prosesi, eləcə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə münaqişədən sonrakı bərpa və yenidənqurma səyləri barədə məlumat verib.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çinin xarici işlər naziri Van İni Bakıda qarşılayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabında paylaşım edilib.
Bildirilib ki, Van İ Azərbaycan paytaxtına işgüzar səfəri çərçivəsində qarşılanıb.

















