“Qardaşıq deyə, hər işimizə qarışmalıdırlar?” - Türkiyəyə sərt MESAJ
“Təəssüflər olsun ki, Türkiyənin bəzi dairələri belə düşünürlər ki, Azərbaycan dövləti onların istədiyi kimi hərəkət etməli və ya hər hansı addım atarkən mütləq onlarla məsləhətləşməlidir”.
Bunu Redaktor.az-a politoloq İlqar Vəlizadə bildirdi. O, söhbətin Azərbaycanın daxili siyasəti ilə bağlı addımlardan getdiyini diqqətə çatdırdı:
“Biz kimdənsə rəy öyrənməli, yalnız bundan sonra öz addımlarımızı atmalıyıq? Bu yanlış təsəvvür, təəssüf ki, bəzi insanların qardaşlıq prinsipini, yəni “Bir millət, iki dövlət” anlayışını fərqli və yanlış başa düşmələrindən irəli gəlir. Hətta qardaşlar arasında da müəyyən məsələlərlə bağlı fikir ayrılıqları ola bilər. Eyni zamanda, hər bir qardaşın öz ailəsi var və olmalıdır. Həmin ailədə necə davranması, hansı qaydaları müəyyənləşdirməsi onun şəxsi işidir. Bir qardaş digərinin şəxsi işlərinə qarışanda ailə daxilində belə münaqişələr yarana bilər. Məişətdə də vəziyyət belədir.
Siyasətdə də vəziyyət eynidir. Türkiyə qüdrətli və böyük dövlətdir. Türkiyə bizim qardaş ölkəmiz, Türkiyə xalqı isə qardaş xalqımızdır. Bizi bir-birimizə çoxsaylı tellər bağlayır. Türkiyəyə səfər edəndə, onun müxtəlif şəhərlərini ziyarət edəndə sanki öz evimizə gəlmiş kimi hiss edirik. Bu məsələdə heç bir şübhə ola bilməz. Lakin yenə də deyirəm, hətta ən yaxın insanlar arasında belə müəyyən sərhədlər var. Ayrı-ayrı məsələlərə fərqli münasibət bəsləmək mümkündür və bunu anlamaq lazımdır”.
Müsahibimiz digər türk dövlətlərində, məsələn, Özbəkistanda, Qazaxıstanda, Türkmənistanda və Qırğızıstanda da hicabla bağlı özünəməxsus yanaşmaların mövcud olduğunu diqqətə çatdırdı:
“Nədənsə, türk qardaşlarımızın həmin ölkələrə qarşı bu cür iradlarını eşitmirik. Düzdür, Azərbaycan Türkiyə üçün daha yaxın ölkədir və biz bunu qürurla deyirik. Türkiyə də bizim üçün çox yaxın dövlətdir və belə olaraq qalacaq. Lakin bir daha qeyd edirəm ki, yaxınlıq başqa bir ölkənin daxili işlərinə qarışmaq, onun daxili nizamı ilə bağlı tənqidi mövqe ortaya qoymaq demək deyil.
Azərbaycanın daxili ictimai müzakirələrinə kənardan müdaxilə etmək, həmin müzakirələrə müəyyən istiqamət vermək və onları öz istədiyi kimi yönləndirməyə çalışmaq düzgün yanaşma deyil. Hesab edirəm ki, heç kim belə münasibəti qəbul etməz. Əgər biz özümüz Türkiyəyə qarşı bu cür davransaydıq və belə bir yanaşma sərgiləsəydik, Türkiyənin siyasətçiləri və ictimai xadimləri buna normal münasibət bəsləyərdilərmi? Yəqin ki, onlar da öz etirazlarını bildirərdilər”.
NURİYYƏ













